Video
Video

Kərim Cananın hansı səs yazılarını ortaya çıxaracaq?

Kərim Cananın hansı səs yazılarını ortaya çıxaracaq?

Hər üç uşağının da qəyyumluğunu ala bilən Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova (Canana) OLAY-a açıqlama verib.

O, məhkəmənin qərarından sonra baş verəcək proseslərdən danışıb. 

Canana bildirib ki, anaların duası və hakimin ədalətli qərarının sayəsində uşaqların qəyyumluğunu ala bilib:

“Həmin an çox sevindim, inanılmaz bir sevinc yaşadım. O dəqiqə xoşbəxtlikdən bilmədim kimi qucaqlayım. Həm də bir gün sonra mənim ad günüm idi. Bu mənə ən gözəl hədiyyə oldu. İnanmazdım ki, hər üç uşağın da qəyymluğunu ala bilərəm. Mən Allaha sığındım. Və inandım ki, qanun həqiqətən də var. Elə bilirdim ki, uşaqları həmin gün götürə biləcəm. Dedilər, onlar Ali Məhkəməyə müraciət etməsələr, bu qərar iki ay sonra qüvvəyə minəcək. Eşitdiyimə görə, onlar da çox qəzəbləniblər, deyiblər ki, Ali Məhkəməyə müraciət edəcəklər”.

Canana keçmiş həyat yoldaşı Kərim Həmidovun “Səs yazılarını üzə çıxarmaq nədir, görəcək” açıqlamasına da aydınlıq gətirib:

“Kərim Moskvada olanda zəng etdi ki, kirayə qaldığımız evin vaxtı bitib, oranı tərk edin. Ondan sonra Mətanət xanımın evinə köçməli idik. Amma o da xoş olmayan nəsə dedi, mən getmək istəmədim. Övladlarımla birgə başqa evdə kirayəyə çıxdım. Hətta veşlərimi belə yığa bilmədim, maşınım da orada qaldı. Sonra zəng edib, maşını istədim ki, uşaqlar əziyyət çəkir, taksilərə öyrəşməyiblər. Nəyə görə uşaqlarımın haqqı olan maşını Mətanət xanımın ögey oğlu sürməlidir? Ya da niyə onların evi ola-ola kirayədə qalmalıdırlar? Bu məsələlərlə bağlı danışıqlarımız olub. O da həmin səs yazılarını nəzərdə tutur. Başqa heç nə ola bilməz. Çox şükür, hamının gözünün qarşısındayam. Hər gün uşaqlarla, analarla birlikdəyəm. Mənim alnım açıqdır”.

Müğənninin keçmiş gəlinin sözlərinə görə, böyük oğlu Tuncayla hamının zənn etdiyi kimi münaisbətləri soyuq deyil:

“Hər kəs elə bilir ki, Tuncay mənə qarşı soyuqdur. Amma xeyr, belə deyil. O, çox fərqli uşaqdır. Özü də aktyordur. Dörd yaşından bu işlə məşğuldur. Müəllimləri də deyir ki, duyğusal uşaqdır. Həmişə ailə münaqişələri ilə bağlı videolara baxırdı. Ötən dəfə Lalə Azərtaşın verilişinə canlı bağlantı ilə qoşulmuşdu. Həmin gün mən çox pis oldum, xeyli ağladım. Tuncayın özü ilə danışdım. Dedim, ananın ad gününü niyə təbrik etmirsən? Dedi, edirəm, niyə etməyim. Sonra soruşdum ki, Tuncay verilişdə deyirlər, sən efirə özün qoşulmusan, düzdürmü? Dedi, yox, ana, heç məlumatım yox idi. Deməli, atası çağırıb ki, sən efirə qoşulmalısan. Çox böyük zərbə aldım. On iki yaşlı uşağı verilişə qoşub, anaya qarşı çıxarmaq nə deməkdir? Oğlum mənə gecə üçdə mahnı göndərmişdi, mənim ona oxuduğum laylayı ifa edirdi. Fikirləşdim ki, mənim uşağım niyə belə etsin axı? Onun səs yazması var məndə, deyir, ana, belə deyil”.

Canana uşaqların nə üçün məhkəmədə dindirilməməsindən də söz açıb:

“Verilişdə məni qınadılar ki, dedim ki, uşağın fikri önəmli deyil. Əslində o mənada söyləmədim. Demək istəyirdim ki, uşağın atasının öyrətdiyi fikirlər önəmli deyil. Yoxsa mən övladlarımın düşüncələrinə hörmət edirəm. Həmişə onlardan nə istədiklərini soruşuram, məsləhətləşirəm”.