Video
Video

Ruhi Əliyeva videosu ilə məşhurlaşan qazinin problemini həll etdi

Ruhi Əliyeva videosu ilə məşhurlaşan qazinin problemini həll etdi

Vətən müharibəsi dövründə cəbhə bölgəsindən videosu yayılan Bakı Avrasiya Universitetinin tələbəsi olmuş Daşdəmirov Xəzərin diplom problemi həll olunub.  Belə ki,  o, universitet tərəfindən qoyulan  məbləği ödəyə bilmədiyi üçün üç ildir diplomsuz qalıb.   

R. Əliyeva diplom ala bilməyən qazinin problemini həll edib, onun təhsil haqqını ödəyib. 

X. Daşdəmirov OLAY-a açıqlamasında həmin videonun zarafatla çəkildiyini, xatirə kimi lentə alındığını qeyd edib:

“Bakı şəhər, Nərimanov rayon 36 saylı məktəbin məzunuyam. Bakı Avrasiya Universitetinin 2013-2017 tələbəsi olmuşam. Müharibəyə könüllü yollandım. Müraciət etdim, sonra apardılar. Füzuli, Cəbrayıl və Xocavənd döyüşlərində iştirak etdim. Əslində o video zarafatla çəkilmişdi. Onda nə olacağını bilmirdim. Bir xatirə kimi lentə almışdıq. Bu qədər yayılacağını da düşünmürdüm. Sonra sağ olsunlar, Ruhi  Əliyeva və Leyla xanımın köməkliyi ilə diplom məsələsinin üstünə düşdük.  Diplom mənim üçün vacib və önəmli idi. Bu problemlə bağlı kömək edən hər kəsə təşəkkür edirəm”.

 

Xəzərin müraciətini R. Əliyevaya yönləndirən bloger Leyla Muradlı Hüseynova (Leila Land) deyib ki, daha əvvəl bir çox şəxsə müraciət edib:

“Xeyriyyə işləri ilə məşğul olan bir çox şəxsə müraciət etdim. Uzun-uzun mesajlar yazırdım, ya cavab vermirdilər, ya da “baxarıq” deyirdilər. Hiss olunurdu ki, nəsə etmək istəmirlər. Son anda mənə Ruhi xanımı məsləhət gördülər. Mən də onun müharibə dövründə əsgərlər üçün səyyar hamam yardımını göstərməsi diqqətimi çəkmişdi. Doğrudan da halal olsun. Biz yazan kimi cavab verdi. Bizdən çox can yandırdı, araşdırdı, yardım etdi və diplomu aldı. Nə qədər təşəkkür etsəm, azdır. Mənim üçün böyük bir şeydir. Ruhi xanım bir gəncin xəyalını hədiyyə etdi. Həm Xəzərin adından, həm də öz adımdan Ruhi xanıma bir daha təşəkkür edirəm”.

 Sonda Ruhi Əliyeva bildirib ki, müharibə dövründə hər kəs birlik nümayiş etdirib:

“ Siz bizim fəxrimizsiniz. Biz hamımız çox həmrəy idik, bir yumruq olmuşduq. O dövr bizim üçün həm çox ağır, həm şərəfli idi. Sən də o günlərdə iştirak etmisən. Sənə uğurlar arzulayıram, gələcəyin parlaq olsun. Ümid edirəm ki, gözəl bir işlə də təmin olunarsan. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Siz olmasaydız, bu günləri yaşamazdıq”.