“Ağcabədidə 13 yaşlı bir qızın ana olması xəbəri hamını dəhşətə gətirib. Bu xəbəri efirdə baxıb əsəbləşdim. Əziz valideynlər övladlarınızı başınızdan tez etməyin.
OLAY yazır ki, bu sözləri Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” verilişində deyib.
Erkən nikahlara qarşı olduğunu söyləyən Tolik efir vasitəsi ilə valideynlərə səslənib:
“Ağcəbədidə 13 yaşlı qızın ana olması hər birimizin əsəbini oynatdı. O qızın başında bant hələ məktəbə gedən, gəlinciklə oynayan vaxtıdır. Onun ana olan vaxtı deyil. O analıq və həyat yoldaşına qulluq hissinin nə olduğunu bilmir. Bunlar faciəyə gətirib çıxarır. Ən böyük problemlərdən biri bölgələrimizdə, yetkinlik yaşına çatmamış qız uşaqlarının ailə qurmağa məcbur edilməsidir. Bu günlərdə Ağcabədidə baş verən hadisə hər kəsi dərindən təsirləndirib. Kənd yerlərində belə halları qonşular və yaxın ətrafdan kimlərsə məlumatlandırmalıdır. Bu cür halların qarşısını almaq üçün cəmiyyət olaraq birgə hərəkət etməliyik, çünki bu qız uşaqları böyük zərər görürlər”.