Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov AZƏRTAC-a müsahibə verib.
OLAY yazır ki, o, sosial proqramlarla bağlı yazılan iradlara belə münasibət bildirib:
“Sosial şəbəkələrdə daha çox tirajlanan və tənqid olunan proqramlar ümumölkə yerüstü televiziya yayımında, yəni açıq yayımda heç də böyük paya sahib deyil. Baxın, cari ilin oktyabr və noyabr aylarının yekunlarına görə televiziya proqramlarının janr (məzmun) üzrə təhlili aparılıb və dərc olunub. Bütün kanallar üzrə ən çox tənqid olunan həmin sosial proqramların həcmi oktyabrda 5,3 faiz, noyabrda 5,7 faiz təşkil edib. Növbəti ilin əvvəlində dekabr ayının da statistikası olacaq. Amma ümumi müşahidələr göstərir ki, bu rəqəmlər çox da dəyişməyəcək. Eyni zamanda, bütün kanallar üzrə informasiya-analitik proqramların həcmi 25-26 faiz, mədəni-maarif proqramlarının həcmi 9,7-11 faiz arası dəyişib, musiqi-əyləncə proqramlarının həcmi isə 12,1 faiz olub. Yəni, həmin tənqid olunan sosial xarakterli proqramlar 5,7 faiz həcmlə sosial şəbəkələrdə daha çox müzakirə olunur və buna görə də elə təəssürat yaranır ki, kanallarımız yalnız o cür kontent nümayiş etdirir.
Bilirsiniz, televiziya da, radio da cəmiyyətin bir parçası olduğundan onlar da daim inkişafdadır, axtarışdadır. Təbii ki, hər bir inkişaf prosesində tənqidlər də olacaq, narazılıqlar da. Şura olaraq vəzifəmiz Azərbaycanda rəqabətədavamlı, müasir çağırışlara cavab verən, digər tərəfdən də dövlətimizin ali məqsədlərinə və ictimaiyyətin maraqlarına xidmət edən audiovizual media mühitinin yaradılmasıdır. Yayımçıların fəaliyyətinə gəlincə, son illər baş verən hadisələr (COVID-19 pandemiyası, Vətən müharibəsi, postmüharibə reallıqları və s.) onlara ciddi təsir göstərib. Təbii ki, çatışmazlıqlar var və ümumən, media sahəsində rəqabət artdıqca, cəmiyyətin media istehlakı üzrə bilikləri və savadlılığı çoxaldıqca, daha keyfiyyətli kontent də olacaq, texniki cəhətdən yayım keyfiyyəti də artacaq”.