Dublyaj sahəsindəki problemlərdən narazılıq edən aktyor Kamal Yaşarın “Mədəniyyət” telekanalında yayımlanan “Kinokitab” verilişinin bağlanmasına bir çox sənətçilər reaksiya bildirib.
OLAY yazır ki, bunlar arasında aparıcı Murad Əzimzadə və aktyor Azər Aydəmir də yer alıb. Onlar mövzu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.
“2014-cü ilin may ayı idi. Ortaq dostlarımızın vasitəsilə Kamalla tanış olub, ev yoldaşı olmağa qərar verdik. (Kamalla hər ikimiz Gəncədə böyüsək də, Bakıda tanımışdıq bir-birimizi). Sonra ev axtardıq, tapdıq, kirayələdik, ev yoldaşı olduq. Çörək kəsib, pul böldük. Kamal gözünü açandan həyatın şilləsini dadanlardandır… Amma məğlub olmamışdı həyata. Çətinliklərə rəğmən... Universitetə qəbul olmuşdu, sonradan magistratura təhsili də aldı. Mən həmişə haylı-küylü, etirazçı, demokrat tip, Kamal isə sakit təbiətli, insan və heyvansevər, taleh yazısına qarşı aşırı rahat, qismətə inanan biri. Çox uzatmayacam, bir sözlə Kamal yaxşı və dəyərli oğlandır! Mənə görə, yaxşı sənətçi, jurnalist, şair və s. olmaq yaxşı adam olmaqdan başlayır. Yaxşı adam deyilsənsə, sənətin də əvvəl-axır yarımçıq qalacaq, qıcıq yaradacaq, səni gözdən salacaq. Kamal yaxşı adam, istedadlı sənətçidir. Dövlətimizin Kamala dəstək olacağına inanıram!”, - deyə, M. Əzimzadə bildirib.
A. Aydəmir də dublaj sahəsindəki vəziyyətin yaxşı olmadığını bildirib:
“Hörmətli həmkarlar, mən də incəsənət xadimi olaraq K. Yaşarla bağlı xoşagəlməz hadisəyə münasibət bildirməyi özümə borc bilirəm. Kamal çox istedadlı insandır. Azərbaycan mədəniyyətinə verdiyi töhfə az deyil və bu istiqamətdə daima fəaliyyətdə olan adamdır. Onu qəti sürətdə həvəsdən salmaq olmaz. Bəli, dublyaj sahəsinin qonorar miqdarları yerlərdə sürünür. Kamalın ölkə rəhbərinə açıq müraciəti onun təbii haqqıdır”.