Müğənni Narmeen (Nərmin Behbudova) 2015-də Avroviziyaya özünün qatılmalı olduğunu, lakin sonra Elnur Hüseynovun göndərildiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, Media.az-a müsahibəsində danışıb.
Sənətçi deyib ki, hətta müsabiqə üçün mahnı da hazırlayıbmış:
“2015-ci ildə Avstriyada Azərbaycanı təmsil etməliydim. “Dərviş” qrupunun tərkibində uğurla çıxış etdim. Yadımdadır, mənə zəng edib dedilər, hazır ol, Avroviziyaya gedirsən. Studiyada mahnı yazdım, mənimlə fotosessiya etdirdilər, məşqlərə başladım, hətta hazırlıqların getdiyi İsveçə də yollandım. Son anda hər şey birdən dəyişdi. Həmin il Elnur Hüseynov “O ses Türkiye”ni qazandı və nəticədə onu yenidən “Avroviziya”ya göndərmək, məni Azərbaycana qaytarmaq qərarına gəldilər”.
Qeyd edək ki, həmin dövrdə Elnurun “O Ses”i qazanması sosial şəbəkələrdə müzakirə yaratmış, ona ölkəmizdə layiqli qiymət verilmədiyi deyilmişdi.
Onu da xatırladaq ki, Hüseynov 2015-də “Hour Of The Wolf” mahnısı ilə yarışıb. Ölkəmiz həmin il 12-ci yerdə qərarlaşıb.