“Mən çox xoşbəxtəm ki, bu ad günümü Qalib Azərbaycanın vətəndaşı kimi qeyd edirəm!”.
OLAY yazır ki, bu sözləri ötən günlərdə “Əməkdar artist” fəxri adına layiq görülən müğənni Xəyyam Nisanov sosial media hesabında yazıb. Dünən 38 yaşına qədəm qoyan ifaçı fikirlərini belə ifadə edib:
“Bu xoşbəxtliyi bizə yaşadan, şəhadəti ilə millətimizi dirçəldən Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Bizim əziz Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə, Vətən yolunda sağlamlığını itirən qazilərimizə və Azərbaycan ordusunun hər bir əsgərinə, zabitinə bir ömür boyu minnətdar olacağam. Mən həm də ona görə xoşbəxtəm ki, yeni yaşımı “Azərbaycan Respublikasının Əməkdar artisti” kimi qeyd edirəm. Bu, mənim sənətimə olan çox yüksək dəyərdir. Bu yüksək etimada görə mən bir daha Cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Mənim bu mükafata layiq görülməyimin ən ilk səbəbkarı Atamdır. Mən bu sənəti ondan öyrəndim və indi onun yolunu davam edirəm. Həmçinin, anama və ailəmə məni hər zaman dəstəklədikləri, mənə inandıqları üçün, müəllimlərimə - məni yetişdirib, formalaşdırdıqları üçün, dostlarıma - məni hər zaman irəli və inkişafa inandırdıqları və ruhlandırdıqları üçün, həmkarlarıma - sevincimə şərik olduqları üçün, sadiq dinləyici və izləyicilərimə, pərəstişkarlarıma - məni sevib, dinlədikləri üçün təşəkkür edirəm!”.