Monteneqro təmsilçisi Vladana “Avroviziya” təşkilatçılarını tənqid edib.
OLAY yazır ki, o məşqlər zamanı səhnəsində istifadə olunan dairəvi işıqlı elementi bəyənmədiyini deyib.
Vladana “Bundan Avropa Yayım Birliyi, yoxsa RAI məsuliyyət daşıyır” sualına gəlincə bunları söyləyib:
“Bura İtaliyadır və italiyanlar çox improvizasiya edir. Hər şeyi son dəqiqədə edirlər. Bilirsiz, nə oldu? Turinə gəlməzdən iki gün əvvəl kinetik günəşin nasaz olduğunu bildirdilər. Bu olanlar qeyri-peşəkarlıqdır”.
İfaçı Monteneqro nümayəndə heyətinin çıxışı üçün nəzərdə tutduğu tamaşa dizaynını AYB-yə göndərdiyini, lakin heç bir cavab almadığını bildirib.
O vurğulayıb ki, Turinə gələndə istədiklərinin yalnız 5 faizini tapıb. Müğənni nümayəndə heyətləri arasında birlik ruhunun olmamasına da toxunub.
“Çünki bir çoxu Turin yaxınlığındakı kiçik şəhərlərdə yaşayır, bu da onların yalnız məşqlər zamanı bir araya gəlməsi deməkdir”, - deyə Vladana qeyd edib.