Bu il İrəvanda keçirilməsi planlaşdırılan Uşaq- Avroviziya mahnı müsabiqəsində yer alacaq ölkələr iştiraklarını təsdiqləməyə başlayıb.
OLAY yazır ki, dekabrın 11-də Karen Dəmirciyan İdman-Konsert Kompleksində keçiriləcək yarışmada səhnəyə çıxacaq sənətçilərin adları isə hələlik açıqlanmayıb. Bununla yanaşı, bir neçə ölkə festivalda yer almayacağını vurğulayıb.
2021-ci ildə Parisdə keçirilən şouda 5-ci olan Azərbaycanın (təmsilçi Sona Əzizova- red) bu il qatılıb-qatılmayacağı sual yaradıb.
OLAY mövzu barədə İTV-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun rəsmisi bildirib ki, Uşaq-Avroviziya ilə bağlı konkret qərar verilməyib:
“Hazırda əsas Avroviziya mahnı müsabiqəsinə bütün diqqət yönəlib. Uşaqlar üçün nəzərdə tutulan yarışma barədə isə heç bir məlumat yoxdur”.