Xalq artisti Nəzakət Teymurova 28 il sonra işğaldan azad olunan Ağdamda ailə üzvlərinin məzarını ziyarət edib.
OLAY yazır ki, muğam ustadı bu barədə sosial şəbəkədə məlumat yayıb.
O, paylaşıma belə şərh yazıb: “Ailəmizin bütün fərdləri, bacılarım tibb bacısı kimi, qardaşlarım istisnasız cəbhədə vuruşurdular. Evin sonbeşiyi olaraq məni Ağdamdan çıxardılar ki, başımıza iş gəlsə, ailəmizdən bir insan heç olmasa sağ qalsın. Sonradan ağrılı-acılı məcburi köçkünlük həyatı başladı. Bu illər ərzində içimdə o qədər böyük bir ağrını yaşatdım ki…
Səhnədə hər ifamda Ağdamımdakı evimiz, uşaqlıq xatirələrim, gəncliyim gözümün önünə gəlirdi. Mənim bu 28 ildə içim heç gülmədi, üzüm gülsə də, ruhum gülmədi. İndi isə gözlərim sevincdən yaş tökür, ruhum isə gülür. Artıq Ağdamımdayam. Rəhmətlik atamın, bacımın ruhu şad oldu. Anam illər sonra atamın, bacımın məzarını ziyarət edə bildi. Sözlərlə ifadə edə bilmirəm”.