Amerikalı pop ulduzu Keti Perri İspaniyanın Balear adalarında yerləşən qorunan ərazidə klip çəkdirdiyi üçün 6 min avro məbləğində cərimələnib.
OLAY yazır ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, 40 yaşlı müğənni 2024-cü ilin iyul ayında “Lifetimes” adlı sinqlının klipi üçün çəkilişləri Ses Salines təbiət parkında, xüsusilə San-Espalmador adasındakı dəniz qumluq ərazidə aparıb. Bu ərazi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir və ciddi qorunma altındadır. Qoruq İbiza və Formentera adalarını əhatə edir.
Çəkilişlərdən sonra yerli sakinlərin etirazı əsasında Balear adalarının hakimiyyəti məsələ ilə bağlı araşdırma başladıb. İspaniyanın Kənd Təsərrüfatı, Balıqçılıq və Ətraf Mühit Nazirliyi müəyyən edib ki, Perrinin prodüser komandası lazımi rəsmi icazələri almadan qoruq ərazisində çəkiliş aparıb.
Nəticədə “WeOwnTheCity” adlı prodüser şirkətə 6 min avro cərimə tətbiq olunub. Rəsmilər bildiriblər ki, təbiətə uzunmüddətli zərər verilmədiyi üçün əlavə sanksiyalar nəzərdə tutulmur.