Braziliyanın San-Paulu şəhərinin meri Rikardu Nunes amerikalı reper Kanye Vestin (Ye) konsertinin bələdiyyəyə aid meydanlarda keçirilməsini qadağan edib.
OLAY yazır ki, bu qərar sənətçinin son zamanlar səsləndirdiyi radikal və antisemit bəyanatlarla əlaqələndirilir. Xəbəri Brasil247 yayıb.
Nunes açıqlamasında bildirib:
“Şəhər administrasiyasına tabe olan heç bir ictimai məkanda nasizmi populyarlaşdıran şəxslərin çıxışına icazə verilməyəcək. Biz buna yol verə bilmərik və San-Paulu şəhərində belə tədbirlərin qarşısını almaq üçün hər şeyi edəcəyik”.
Meriyanın verdiyi məlumata görə, təşkilatçılar artıq rəsmi şəkildə xəbərdar edilib və konsertin məkanı dəyişdiriləcək. Tədbirin əvvəlcədən 29 noyabrda keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, Kanye West fevralda X (Twitter) sosial platformasında nasizm, yəhudilər və İlon Mask haqqında təxribat xarakterli 20-dən çox paylaşım etmiş, Adolf Hitleri sevdiyini demiş və yəhudiləri qaradərililəri sıxışdırmaqda ittiham etmişdi.
Rusiyada fəaliyyət göstərən “Veteranlar Hərəkatı” təşkilatı isə bəyan edib ki, bu açıqlamalar Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsini – “nasizmin reabilitasiyası”nı pozur və belə “xarici ulduzların Rusiyada yeri yoxdur”.