Aparıcı Leyla Quliyeva ötən gün Müəllimlər Günü paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi məktəb illərindəki fotosunu paylaşaraq hazırkı təhsil sistemini tənqid edib:
“Salam, müəllim! Mənəm, Leyla, 190 saylı orta məktəbin 4A şagirdi. Mən səni, bütün müəllimlərimi çox sevirəm. Anam da müəllimədir, həmişə deyir ki, müəllimlərinə baxanda elə bil ki, mənə baxırsan. Sən müəllimlərinə qarşı necə davransan, mənim də şagirdlərim mənimlə o cür davranacaq.
Çalışıram ki, sözündən çıxmayım. Tək mən yox, sinfimizin əksər uşaqları da çalışır ki, sən onları danlamayasan. Kimsə dərsindən geri qalanda biz də ona kömək etmək istəyirik. Bəzən oğlanlar dalaşır, belə - yüngülvari, onda da sən gəlib onları sakitləşdirirsən, valideynlərini çağırıb söhbət edirsən. Biz də sonra dalaşanları barışdırırıq. Heç birimizin ağlına da gəlmir ki, onlar dalaşanda telefona çəkək, paylaşaq. Əvvəla ona görə ki, kameralı telefonumuz yoxdur, olsaydı belə çəkib paylaşmazdıq, öz sinif yoldaşlarımızı niyə biyabir edək ki?! Amma, müəllim, deyirlər ki, gələcəkdə məktəblilər bir-birini döyəcək və bunu çəkib hamıya göstərəcək. Təsəvvür edirsən?!
Hələ deyirlər ki, müəllimlər uşaqlardan hədiyyə-filan tələb edəcək, hədiyyəyə görə kimisə çox istəyəcək, kimisə də əzəcək… Bunları deyib qanını qaraltmaq istəmirəm, sadəcə demək istəyirəm ki, ay müəllim, nə yaxşı ki, sən belə deyilsən”.
O, paylaşımında bütün müəllimlərinə təbrik ünvanlayıb.