Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında “Ürəklə Sizinlə” adlı konsert proqramı ilə çıxış edib.
OLAY yazır ki, musiqi gecəsində sənətkar xanım xalq, klassik və müasir estrada mahnılarını səsləndirib
Səhnələşdirilmiş musiqili tədbirdə “Qatar”, “Sevəcəyəm de”, “Əgər məni unutsan”, “Azərbaycanım” və digər bəstələr yer alıb.
Konsert boyunca müğənni “Səs Azərbaycan” layihəsində iştirak edən tələbələri ilə birlikdə çıxışlar edib. “Arşın mal alan” musiqili səhnəcik isə tamaşaçılar tərəfdən xüsusi maraqla qarşılanıb.
Müğənni həmçinin uzun illər öncə mərhum reper Anar Nağılbazla oxuduğu “Gecələr” mahnısını tələbələri ilə yenidən səsləndirib. Xüsusi coşqu ilə keçən konsertin ikinci hissəsində müğənni tamaşaçıların yanına gələrək onlarla birgə mahnılar oxuyub.
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən danışan Brilliant Dadaşova gənclərlə birlikdə musiqili gecənin sonunda atası Süleyman Dadaşovun ötən əsrdə bəstələdiyi “Zəngəzur” yallısını ifa edib. Sözügedən musiqini bu qələbədə payı olan hər kəsə ithaf etdiyini bildirib.