Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının vəkili Elvin Əliyev ifaçı barədə paylaşım edib.
OLAY yazır ki, E. Əliyev müvəkkilinin yüksək keyfiyyətlərini qeyd edərək ilk dəfə onunla bağlı açıqlama verib:
“Vəkili olduğum şəxslərin içərisində Rəşad bir başqadır. Sakit təbiətli, tərbiyyəli, əxlaqlı oğlandır Rəşad. Milli və mənəvi dəyərlərə qiymət verən, dövlətini, Azərbaycan xalqını hədsiz sevən biridir. Şəhid ailələrinə, qazilərə daima diqqət və qayğı göstərir.
Hazırda istintaq təcridxanasında olmasına baxmayaraq, yenə də şəhid ailələri və qazilərlə maraqlanır, diqqətini göstərir. Dövlətinə düşmənçilik mövqeyi nümayiş elətdirənlərin gözünün içinə baxan, dövlətinin müdafiəsi üçün sözünü əsirgəmiyən, vətən sevgisini hər fürsətdə dilə gətirən oğullardandır Rəşad. O, həmin oğuldur ki, cəmiyyətin sevgisini və rəğbət qazanıb. Onun uşaqlarına verdiyi tərbiyə, ailəsinə bağlılığı, böyükləriylə rəfdarı aldığı tərbiyənin, onun qanacağının danılmaz bariz nümunəsidir. Hər kəslə subardinasiya qaydalarını gözləyən, heç kəsi incitməmək, xətrinə dəyməmək üçün əlindən gələni edəcək xarakterə sahibdir Rəşad. Çox söz yazmaq olar Rəşad barəsində, ancaq qısa onu deyirəm ki, Rəşadı tanımağa dəyər”.
Qeyd edək ki, R. Dağlı noyabrın 9-u İskəndər Mehdiyevə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb.