“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva növbəti dəfə şəhid anaları ilə bir araya gəlib.
OLAY yazır ki, iş xanımı onlar üçün iftar süfrəsi açıb, süfrədəki təamları öz əli ilə hazırlayıb. Şəhid anaları ilə yanaşı iftar süfrəsinə ilahiyyatçı Hacı Şahin Həsənli, millət vəkili Fazil Mustafa və xalq artisti, muğam ifaçısı Fərqanə Qasımova da qatılıb.
“Ramazan ayı sevincdir, müjdədir, mükafatdır, yaradanın bəndəsinə lütfüdür. Bu ayda o, öz sevgisindən, nurundan yer üzünə daha çox pay göndərir, deyirlər. Yaradan istər ki, hər kəs ruhunu, nəfsini tərbiyə eləsin, hər kəsin könlündə barış, mehribanlıq, paylaşmaq və şükranlıq hissləri olsun. Ələlxüsus, bu mübarək ayın iftarını Vətən torpaqlarının bütövlüyü üçün canını qurban edən oğulların yadigarları ilə birgə keçirmək bir onur, bir fəxarətdir. Bu gün bura təşrif buyuran şəhid anaları bizi, süfrəmizi şərəfləndiriblər”,- deyə R. Əliyeva bildirib.
Daha sonra o, bildirib ki, şəhid anası olmaq hər kəsə nəsib olmayan bir məqamdır: “Övladını alnından öpüb, Vətən üçün qurban olmağa yola salan böyük ürəkli analar, dəyərli bacılar! Ramazan ayında sizlərlə birgə olmağın xoşbəxtliyi bir başqadır. Türk xalqı tarix boyunca hər zaman Vətən, millət, bayraq və inancları üçün ömrünü fəda etməyi, şəhid olmağı bacarıb. Bu ənənəni, bu cəsurluğu o oğullara siz aşılamısız. Onlara Vətən sevgisini, torpaq eşqini siz öyrətmisiniz. Sizin və o mərd oğulların sayəsində bu gün alnımız açıq, üzümüz ağdır”.
İş xanımı qeyd edib ki, şəhid ailələri, əzizləri dövlətimiz və millətimiz üçün hər zaman dəyərlidir: “Dövlət başçımız cənab İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva şəhid analarına, şəhid ailələrinə xüsusi həssaslıqla, sevgi və sayğı ilə yanaşır. Onların həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həllinə xüsusi diqqət göstərir. Təbii ki, biz də bu addımların davamı, bu örnək əməllərin ardıcılı olaraq daim şəhid yaxınlarının yanında olmağa çalışırıq. Şəhid anaları bizim baş tacımız, qürurumuz, əbədi borclu olduğumuz şəxslərdir”.
“Ana” mahnısı ilə tədbirdəkiləri kövrəldən Xalq artisti Fərqanə Qasımova isə deyilən fikirlərə bunları əlavə edib: “Həqiqətən də sizlər seçilmiş bəndələrisiz ki, Allah övladlarınızı belə yüksək məqama ucaldıb. Mən şəhid adına açılan süfrələrə müqəddəs süfrə kimi baxıram. Yediyimiz bütün təamlar cənnət meyvəsi kimi dadır. Çünki burada şəhidlərin ruhu, onların adı var. Süfrə şəhidlərin adına xatir açılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.