Frontotemporal demensiya diaqnozundan əziyyət çəkən Hollivud ulduzu Brüs Uillisin həyat yoldaşı Emma Hemminq jurnalistlərə müraciət edib.
OLAY yazır ki, o, ərini izləməyi dayandırmaqlarını istəyib. Bununla bağlı Emma instaqramda video paylaşıb.
“Bu, ərimin eksklüziv şəkillərini çəkməyə çalışan fotoqraflar və videoqraflara müraciətdir. Bilirəm bu işinizdir, amma məsafəni saxlamağa çalışın. Xahiş edirəm ərimin halını soruşmaq üçün qışqırmayın və ona fit çalmayın. Qoy ailəmiz və ya onu müşayiət edən hər kəs onu A nöqtəsindən B nöqtəsinə təhlükəsiz şəkildə çatdıra bilsin”, - deyə Hemminq bildirib.
Xatırladaq ki, 2022-ci ilin martında B. Uillisin nitq pozğunluğu səbəbindən aktyorluq karyerasını bitirdiyi açıqlanmışdı. Lakin o vaxtdan xəstəlik irəlilədi və həkimlər daha dəqiq diaqnoz qoydular.