Tanınmış həkim, oftalmoloq, doktor Cahid Şahbazov Azərbaycanda ilk dəfə makuladistrofiya əməliyyatı gerçəkləşdirib.
Bu barədə OLAY-a açıqlama verən həkim bildirib ki, indiyədək insanlara “Bu xəstəliyin müalicəsi yoxdur” cavabı verilib:
“Bu xəstəliyin tam müalicəsi olmasa da, FDA tərəfindən təsdiq edilmiş (Amerika Qida və Həb Mərkəzi – red.) cərrahi sağalma üsulu var. Müalicəsi yoxdur demək, bir növ qeyri-peşəkarlıq, laqeydlikdir. “Bunun müalicəsi var, amma məlumatımız yoxdur” və ya “bunun müalicəsi var, amma xaricdədir” demək daha doğru olar.
Bu gün ölkədə ilk dəfə FDA tərəfindən təsdiq edilən dünyada mövcud və güvənilən olan 3 cərrahi əməliyyat növünün ikisini icra etmənin qürurunu yaşayırıq. Bunlardan biri daha yaxşı görən amma makulyar distrofiyası olan xəstələr üçün “Eyemax-Mono” əməliyyatı, digəri isə görmə faizi daha aşağı olan xəstələr üçün “SML Shariott” linzalarıdır.
Bu əməliyyatı icra etdiyimiz xəstələrin hamısı həkim və ya onların yaxınıdır, eyni zamanda xarici ölkələrdən ciddi tələbat var. Bəzi xəstəliklərin tam müalicəsi mümkün olmasa da, insanların həyatını və yaşam keyfiyyətini artıran cərrahi üsullar var.
Bu, hələ icra etdiyimiz dünya standartlarındakı yeniliklərdən sonuncusu deyil. Hələ 10-a yaxın dünyanın ən qabaqcıl klinikalarında icra olunan əməliyyat növlərimiz var, onları da etap-etap təqdim edəcəyik.
Unutmayaq ki, müasir tibb cihazlardan, lazerlərdən, yəni, mühəndislik zehnindən çox asılıdır. Müasir həkim bunu inkar etməməlidir. Yerimizdə dayansaq, 3-4 il sonra zamanı geri qaytara bilməyəcəyik və zamandan çox geri qalacağıq. Bu gün dünyada mövcud olan bütün müasir müalicə üsulları mərkəzimizdə var. Biz bəzi şirkətlərlə onların rəhbərliyi səviyyəsində iş birliyindəyik. Yeni texnologiyalar dünyada o qədər nadir tətbiq olunur ki, onlar bizim təcrübəmizə istinad edir, fikrimizi soruşur”.
C.Şahbazov yeni planlarından da söz açıb:
“Çox böyük hədəflərim var, peşəmə dair böyük dəyişikliklər olacağından əminəm! Mükəmməl göz müalicə mərkəzimiz olacaq - həm də dünya səviyyəsində işlər görən! Dünyadan insanlar bizim mərkəzimizə axışacaq!
Xalqımıza təmənnasız xidmət edəcəyik!
Hazırda icra etdiyim bəzi əməliyyatlar dünya səviyyəsində ən son texnologiyalardır və təəssüf ki, bəziləri əlçatmazdır (maddi olaraq), onları belə təmənnasız etmə gücüm olacaq! Möhtəşəm işlər bizi gözləyir!”.