Ceyms Bondun şortları (üzgüçülük geyimi) hərracda satılıb.

OLAY yazır ki, bu barədə Daily Mail məlumat yayıb.

Söhbət Deniel Kreyqin Bond obrazında geyindiyi mavi rəngli üzgüçülük şortlarından gedir — həmin səhnə “007: Skyfall” filmində yer almışdı. Geyim Los-Ancelesdə (Kaliforniya ştatı) keçirilən hərracda 2157 funt sterlinqə (təxminən, 4880 AZN) satılıb. Qeyd olunur ki, hərrac cəmi 150 funtdan başlayıb.

Bundan əlavə, 3 aprel tarixində Deadline nəşri xəbər verib ki, Amazon MGM studiyası yeni Ceyms Bond filmi üzərində işə başlayıb. Filmin prodüserləri “Hörümçək Adam” və “Barbi” filmlərinin müəllifi Eymi Paskal, eləcə də “Harri Potter” seriyasının prodüseri Devid Heyman olacaq.

Amazon nümayəndəsi bildirib ki, gələcək film Heyman və Paskal kimi kino əfsanələri üçün inanılmaz bir əməkdaşlıq olacaq.

Hələlik Deniel Kreyqi kimin əvəzləyəcəyi məlum deyil. Martın əvvəlində mediada Amazon-un rejissor postuna Kristofer Nolanı namizəd kimi nəzərdən keçirdiyi bildirilmişdi. Nolan bir neçə dəfə 007 agenti haqqında film çəkmək istədiyini qeyd edib, çünki o, Bond seriyasının böyük pərəstişkarıdır.