Hikmət Rəhimovun “Çılpaq” filmi daha iki mükafat qazanıb.
OLAY yazır ki, ekran işi İpək Yolu Film Mükafatlarında “Ən yaxşı rejissor”, “Ən yaxşı film” ödüllərinə layiq görülüb.
Qeyd edək ki, IMDb təsdiqli film festivalı olan İpək Yolu Film Mükafatları illik nümayişləri olan aylıq müsabiqədir, bütün dünyada müstəqil kinorejissorlar və yazıçılar üçün açıqdır və qısametrajlı, eləcə də uzun metrajlı əsərlər iştirak üçün nəzərdə tutulur.
Bir il ərzində qaliblərdən 8-10 film avtomatik olaraq Kann Beynəlxalq Müstəqil Film Festivalında nümayiş olunma şansı qazanır.
Əgər film ikinci mərhələni keçərsə və nümayiş olunarsa, Avropa kinoteatrlarına və “Netflix” kimi platformalara satılma şansı əldə edir.
Onu da bildirək ki, ötən günlərdə “Çılpaq” “Best İstanbul” film və sənət festivalında iki nominasiya üzrə qalib olub. “Ən yaxşı rejissor” və “Ən yaxşı tammetrajlı film” mükafatlarını qazanıb.
Dram janrında olan film İctimai Televiziyanın məhsuludur. Ekran işinin ssenari müəllifi və rejissoru Hikmət Rəhimovdur. Filmdə Əməkdar artistlər Ayşad Məmmədov, Rasim Cəfər, aktyorlar Hikmət Rəhimov, Elşən Əsgərov və başqaları çəkilib. Çəkilişləri 8 gün ərzində Bakı və Bakıətrafı qəsəbələrdə gerçəkləşib. Filmin xronometrajı 65 dəqiqədir.