Media
Media

“Uşaq xorunun iştirakını yersiz hesab etmirik” - İTV-dən açıqlama

“Uşaq xorunun iştirakını yersiz hesab etmirik” - İTV-dən açıqlama

İctimai TV  “3 D” verilişinin növbəti buraxılışının sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

Bu barədə OLAY-a sözügedən kanalın mətbuat xidmətindən açıqlama verilib.

“Həmişə olduğu kimi, fikirlər bir-birindən fərqlənib. Çoxsaylı müsbət rəylərlə yanaşı, musiqi nömrəsində uşaq xorunun iştirakı ilə bağlı mənfi reaksiyalar da olub. İlk növbədə vurğulamaq istərdik ki, ictimai məkanda müzakirələrin aparılması etikası çərçivəsində irəli sürülmüş istənilən fikrə hörmətlə yanaşırıq. İstənilən vətəndaşın bizim bu və ya digər proqramların müəlliflərinin, jurnalistlərin, siyasətçilərin efir və sosial şəbəkələr vasitəsilə tamaşaçılara çatdırdığı rəydən fərqlənən mövqeyi ola bilər və onu ifadə etmək həmin şəxsin hüququdur. Məşhur uşaq mahnısının motivləri əsasında yazılmış musiqi nömrəsinin mətnində heç bir təhqir, yalan məlumat, aqressiya təzahürləri yoxdur. Bu musiqi nömrəsi günün mövzusuna satira kimi hazırlanıb. Müəlliflər mahnının köməyi ilə ifadə etmək istəyiblər ki, ölkəmizdə böyükdən-kiçiyə hər kəs Prezident Makronun Azərbaycan cəmiyyəti üçün həssas bir mövzuda qərəzli mövqe tutmasından xəbərdardır. Təəssüflər olsun ki,  bu musiqi nömrəsinə görə cəmiyyətimizin müəyyən hissəsi xoşagəlməz emosiyalar yaşayıb. Fikirləriniz üçün bir daha təşəkkür edirik, lakin eyni zamanda, bir daha qeyd etmək istərdik ki, biz məhz bu verilişin formatına uyğun olaraq, yuxarıda qeyd olunan musiqi nömrəsində uşaq xorunun iştirakını yersiz hesab etmirik”, - deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, Avroviziya qalibi Nigar Camal və keçmiş model Natella Kərimova uşaqların siyasətə alət edilməsini qınamış, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım etmişdilər.