Oktyabrın 6-da 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun naşirlərlə görüşü keçirilib.
OLAY yazır ki, görüşün əsas mahiyyəti ötən il qaldırılan məsələlərin və edilən təkliflərin nazirlik tərəfindən icrası, yeni təkliflərin alınması, eyni zamanda mövcud problemlərin müzakirəsi ilə bağlı olub.
Görüş zamanı nazir bildirib ki, ötən il naşirlərlə görüş zamanı kitab sənayesi sektorunun inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilmiş və sözügedən təkliflər
“Azərbaycan Nəşriyyatları Assosiasiyası“ ictimai birliyi tərəfindən ümumiləşdirərək yazılı şəkildə Nazirliyə təqdim olunub:
“Təqdim olunan təkliflərin bir qismi birbaşa bizim səlahiyyətlərimizə aid məsələlər idi. Bəzilərinin həlli ilə bağlı Nazirliyin vasitəçi qismində çıxış etməsi nəzərdə tutulurdu. Bir neçə təklifin reallaşdırılması isə aidiyyəti qurumlarla razılaşdırma tələb edib“. Nazir çıxışında qeyd edib ki, təqdim olunan təkliflər arasında bəzi məsələlər artıq həllini tapıb. Bunlardan birincisi kitab nəşri sahəsində qanunvericilikdə dəyişiklik edilməsi, yəni kitabın ƏDV-dən azad olunması idi ki, məlum olduğu kimi bu məsələ artıq öz həllini tapıb. Nəşriyyat işinin predmeti üzrə əsas materiallar və məhsullar, eyni zamanda kitab satışı əlavə dəyər vergisindən azad olunub. Hazırda Azərbaycan kitabın tam şəkildə ƏDV-dən azad olunduğu dünyanın təxminən 50 öllkəsindən biridir.