İncəsənət
İncəsənət

“Kinomuz xalqın güzgüsü olsun”

“Kinomuz xalqın güzgüsü olsun”

Azərbaycan kinosunun yaranmasından 124 il ötür. Bu müddət ərzində kinomuzun qət etdiyi uzun yol, ərsəyə gətirilən filmlər, layihələr hər biri mədəniyyət tariximizdə iz qoyub. Xüsusilə də ötən əsrdə çəkilən kinolar bu gün də təkrar-təkrar izlədiyimiz ekran işləri sırasındadır.

Milli Kino Günü haqda OLAY-a danışan Xalq artisti Firəngiz Mütəllimova da əvvəlki illərdə lentə alınan filmləri daha çox sevdiyini deyib:

“Bütün kinosevərləri ürəkdən təbrik edirəm. Mən köhnə filmlərimizi çox izləyirəm, oradakı qadın və kişi obrazı daha cürətli, cəsarətli, hünərlidir. Nə yaxşı ki, bizim elə filmlərimiz var. O layihələrin hamısını sevirəm. Yenilərə də uğurlar arzu edirəm. Özümü  xoşbəxt sayıram ki, “Bəyin oğurlanması” filminə çəkilmişəm. Məncə, bu da ömrümün sonuna qədər bəs edər. Çünki həmin ekran işində  bütün sənətkarlarımız  var. Yeni filmləri də izləyirəm. Amma çox yox. Çünki baxıram ki, eyni aktyorlardır, mövzu da çox zaman eyni olur. Gün o gün olsun filmlərimiz ən yaşxı mükafatlara layiq görülsün, şəhidlərimizə aid olan kinolar dastanlara çevirilsin, dünyaya səs salsın”.

Əməkdar İncəsənət xadimi Ayaz Salayev isə kinomuzla bağlı gözləntilərindən, arzularından söz açıb:

“Çox qısa deyə bilərəm ki, kinomuzun həqiqətən də milli mədəniyyətin bir hissəsinə çevirilməsini gözləyirəm. Kino xalqın güzgüsü olsun. Millətimiz bu güzgüyə baxıb, özünü dərk edə bilsin”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə əlaqə saxlayıb, həm Kino Gününü təbrik edib, həm də bu əlamətdar günlə bağlı təəssüratlarını öyrənmək istədik. Rasim müəllim təbrikimizə görə təşəkkür edib, tədbirdə olduğu üçün danışa bilməyəcəyini bildirdi.