Azərbaycanda ilk dəfə açıq havada, dəniz kənarında rok-festival keçiriləcək.
OLAY yazır ki, iyulun 30-da, saat 19:00-da başlayacaq festivalın adı əfsanəvi rok qrupu “Yuxu”nun dillər əzbəri olan “Xəzərin sahilində” mahnısından götürülüb.
Geniş kütlə üçün nəzərdə tutulan konsertdə “Dədə-baba” qrupu, “Coda”, “The Passion”, son zamanlar “Sən oldun” mahnısına etdikləri koverlə tanınan “Aynaband” qrupu, “Gr3y band”, “Glass band” iştirak edəcək.
Bundan əlavə iştirakçılar arasında Həbib Mirzə, son günlərin parlayan rokçusu Joseph Abbas, son mahnısı hər kəs tərəfindən sevilən və dinlənilən Mirələm Musazadə, “Səs Azərbaycan” iştirakçıları Namiq Faradj və Royal Musa da yer alacaq.
Festivala rəng qatmaq, roka, roksevərlərə və gənc rok ifaçılarına dəstəklərini göstərmək üçün mərhum İbrahim Eminin təsis etdiyi “Sirr” qrupu, Rasim Müzəffərli, Qara Dərviş və bir neçə məşhur sima da konsertdə qonaq kimi iştirak edəcək. Bundan əlavə, Azərbaycanın ilk rok qruplarından olan “Experiment OK”, “Ozan”, “Çarli ATL” və başqa bir neçə Azərbaycan rokunun tanınmış üzvləri “Xəzərin sahilində” adlı rokfestdə yer alacaq.