Son zamanlar mərhum Əməkdar artist Məhəbbət Kazımovun “Bəh-bəh” mahnısı trenddədir. TikTok, instaqram kimi sosial şəbəkələrdə bu ifa ilə videolar çəkilib, bir çox istifadəçi tərəfindən paylaşılır.
Sənətçinin oğlu Rəşid Kazımov atasının illər əvvəl səsləndirdiyi mahnının uzun müddət sonra populyarlaşmasına münasibət bildirib. Bu barədə o, OLAY-a açıqlama verib.
R. Kazımov deyib ki, sözügedən əsər məşhurlaşmadan öncə də atasının ən sevdiyi ifası olub:
“Gözəl mahnıdır, trendə düşməyi çox yaxşıdır. Sadəcə bu ifa tanınmırdı. Əvvəl məndən verilişlərdə atamın ən sevdiyim mahnısını soruşanda “Bəh-bəh”i söyləyirdim. Həm də bir az çətin bəstədir, ona görə müğənnilər müraciət etmirdilər. Çünki ifası asan deyil. Yenidən dinlənilməsi, yayılması da gözəldir. Verilən dəyər hiss olunur. Məhəbbət müəllimin belə tanınmayan mahnıları yenə var. Məsələn, birini bu yaxınlarda paylaşacam ki, insanlar dinləsin”.
Qeyd edək ki, həmin mahnının sözləri Məmməd Aslana, musiqisi Ramiz Mirişliyə məxsusdur.
Samirə Ərəblinskaya