Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ötən gün vəfat edən Əməkdar artist Gülbahar Şükürlü ilə bağlı nekroloq yayıb.
OLAY yazır ki, nekroloqda bu ifadələr yer alıb:
“Tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib
Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü 5 yanvar 2024-cü il tarixində vəfat edib.
Gülbahar Şükürlü 20 mart 1962-ci ildə Bakıda anadan olub. İncəsənət Gimnaziyasında təhsil alıb. Gənc yaşlarından qarmon ifaçılığı ilə məşğul olan musiqiçinin bəstələdiyi "Aytac" rəqsi və eyniadlı ilk albomu (1998) ona böyük uğur gətirib. Sonrakı illərdə “Rusif”, “Ləman”, “Rəvanə” rəqslərini yaradıb, dörd albomu işıq üzü görüb.
Özünəməxsus ifası ilə musiqisevərlərin rəğbətini qazanan Gülbahar Şükürlü dəfələrlə beynəlxalq sənət layihələrində ölkəmizi təmsil edib.
Dövlət başçısının müvafiq sərəncamı ilə mədəniyyət sahəsində xidmətlərinə görə 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Gülbahar Şükürlünün vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.