Cakomo Puççininin ən məşhur operalarından biri yenidən Bakı səhnəsində təqdim olunacaq.
24, 25 və 27 oktyabr tarixlərində Heydər Əliyev Sarayında “Turandot” operasının üç tamaşası nümayiş etdiriləcək. Möhtəşəm musiqisi, genişmiqyaslı xor səhnələri, ehtiras və dramatizmi ilə seçilən bu əsər opera tarixinin ən məşhur ariyalarından biri olan “Nessun dorma”nı da dünyaya bəxş edib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının PASHA Holding-in dəstəyi ilə hazırladığı yeni quruluş bu payız Bakının əsas mədəni hadisələrindən biri olacaq. Layihə Azərbaycanın aparıcı opera ifaçılarını və xaricdən dəvət olunmuş sənətçiləri bir araya gətirəcək. Üç tamaşa fərqli ifaçı heyətləri və dirijorlarla təqdim olunacaq. Tamaşa üçün xüsusi olaraq yeni dekorasiyalar və kostyumlar hazırlanır.
Yeni quruluş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun rəhbərliyi ilə həyata keçirilir. Oktyabrın 24-də o, həm də səhnəyə çıxaraq şahzadə Kalaf partiyasını ifa edəcək.
İlk tamaşa beynəlxalq heyətin iştirakı ilə təqdim olunacaq. Turandot partiyasını italiyalı soprano Karmen Cannattasio, Kalaf partiyasını isə Xalq artisti Yusif Eyvazov ifa edəcək. Tamaşada həmçinin Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Afaq Abbasova, Anton Ferştandt, Tural Ağasıyev və Əliahməd İbrahimov, eləcə də Fəhmin Əhmədli və Orxan Cəlilov iştirak edəcəklər. İlk tamaşanın dirijoru tanınmış italiyalı dirijor Beatrice Venezi olacaq.
Oktyabrın 25-də Turandot partiyasını Əməkdar artist Fəridə Məmmədova, Kalaf partiyasını isə çilili tenor Dieqo Qodoy ifa edəcək. Tamaşada Əməkdar artistlər İnara Babayeva, Tural Ağasıyev və Əliahməd İbrahimov, həmçinin İqor Yadrov, Mahir Tağızadə, Məhəmməd Şəmmədov və Orxan Cəlilov çıxış edəcəklər. Həmin axşam dirijor pultu arxasında Əməkdar artist Əyyub Quliyev olacaq.
Üçüncü tamaşa oktyabrın 27-də keçiriləcək. Turandot və Kalaf partiyalarını Əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcəklər. Onlarla birlikdə Fatimə Cəfərzadə, Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Anton Ferştandt, Tural Ağasıyev və Əliahməd İbrahimov, həmçinin Fəhmin Əhmədli və Orxan Cəlilov səhnəyə çıxacaqlar. Tamaşanın dirijoru Mustafa Mehmandarov olacaq.
“Turandot”un yeni səhnə həlli üzərində teatrın yaradıcı heyəti çalışır. Quruluşçu rejissor Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev, icraçı rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeyster isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
“Turandot”un Bakı ilə xüsusi tarixi bağlılığı da var. Opera Bakı səhnəsində hələ 1928-ci ildə - Milanın La Scala teatrında keçirilən dünya premyerasından cəmi iki il sonra təqdim olunub. Həmin tamaşa tarixə “Turandot”un SSRİ-də ilk quruluşu kimi düşüb.
O vaxtdan təxminən bir əsr keçir. Bu müddət ərzində dövrlər, teatr ənənələri, sənətçi və tamaşaçı nəsilləri dəyişib, lakin “Turandot” dünya opera repertuarının zirvələrindən biri olaraq qalır. İndi isə bu əsər Bakıda yeni səhnə yozumu ilə tamaşaçıların qarşısına çıxacaq.
Məhz buna görə oktyabrda təqdim olunacaq “Turandot” sadəcə teatr afişasındakı növbəti tamaşa deyil. Üç fərqli ifaçı heyəti, üç dirijor, müxtəlif ölkələrdən olan sənətçilər və yeni bədii həll tamaşaçılara eyni operanı üç fərqli ifa yozumunda izləmək imkanı verəcək.
24, 25 və 27 oktyabr tarixlərində “Turandot” yenidən Bakı səhnəsində səslənəcək. Hər üç axşamın öz Turandotu, öz Kalafı və Heydər Əliyev Sarayının səhnəsində özünəməxsus opera hekayəsi olacaq.