İncəsənət
İncəsənət

Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olundu

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür. 

OLAY yazır ki, bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Şəhəri Günündə bu ilin avqustundan doğma yurdlarına qayıtmış bir qrup Füzuli sakini ilə görüşüb səmimi söhbət edib.

Sonra Füzuli Şəhəri Gününün geniş qala-konserti təqdim edilib. Tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

Dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldan sonra” adlı, həmçinin Füzuli ərazisindəki Yedditəpə kurqanları arxeoloji abidəsindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilərlə tanışlıq olub.

Daha sonra qonaqlar "Füzuli" guşəsinə baş çəkiblər. Burada Məhəmməd Füzulinin müxtəlif əsərləri əsasında hazırlanmış kompozisiyalar nümayiş olunub, şairin şeirləri səsləndirilib. Rəssam tərəfindən dahi şairin portreti yaradılıb.

Tədbir məkanında "100 tar" adlı kompozisiya təqdim olunub. Ustad tarzənlər,  uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfər tarzənin ifası maraqla qarşılanıb.

Sonra tədbir iştirakçıları və qonaqlar Azərbaycan milli mətbəx nümunələrini dadıblar.