Noyabrın 4-də “Dədə Qorqud” tammetrajlı bədii və sənədli filmlər festivalında Vaqif Mustafayevin yeni “Həyat, deyəsən gözəldir” (“Fəryad-2”) filminin beynəlxalq premyerası keçiriləcək.
OLAY yazır ki, film 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən bəhs edəcək.
Ekran işində əsir düşmüş iki erməni qardaşın hekayəsi tragikomik janrda təqdim olunacaq. Çəkilişlər Bakı, Xızı rayonu, Xocavənd rayonunun Hadrut kəndində və Abşeron yarımadasında aparılıb.
V. Mustafayevin rejissor və ssenari müəllifi kimi çıxış etdiyi layihə bədii film müsabiqəsində baş mükafat uğrunda mübarizə aparacağı festivalın proqramına daxil edilib.
Quruluşçu rejissoru Orxan Abbasov olan filmdə baş rollarda Hikmət Rəhimov, Georgi Seliya, Sevinc Əliyeva, Demetre Samxaradze, Nino Qomarteli, Abbas Qəhrəmanov, Anaida Rostovskaya, Çingiz Həsənov, Avtandil Maxaradze və başqaları yer alıb.
Xatırladaq ki, Vaqif Mustafayev Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçilərinin taleyindən və o zamankı hadisələrdən bəhs edən “Fəryad” filminin ssenari müəllifidir.