“Bəziləri arada yazır ki, haradadı o, köhnə mahnılar? O köhnə mahnılar bilirsən nə vaxt gələcək? Gözəl stress keçirəndə, gözəl sevəndə, saçında qaynağın olmayanda, dırnaq özünün olanda, ora-burana qaş düzməyəndə gələcək. Biz hər gün böyüyürük. Niyə keçmişdə qalaq?”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan instaqramda paylaşdığı videoda yeni mahnısından danışarkən deyib.
Sənətçi ona rəy yazan bəzi istifadəçilərə cavab verib:
“Mən o köhnə mahnını oxuyub bu gün adıma görə qazanıram. Əvvəl qazancımı adıma qoyurdum, bu gün adımla qazancı geri qaytarıram. Hər çıxan musiqinin bir adı, problemi, təqdimatı var. Sən niyə keçmişdə qalırsan? Ya da mən niyə qalmalıyam?! Məni dinləyənlər bilir ki, lirika anasıyam. Amma mən insanların xoş gününə dəvət alıram, bütün gecə lirika oxuya bilmərəm.
Əlbəttə şən musiqilər, musiqiçilər, enerjili adamlar da lazımdır. Yeni mahnımızı təqdim edirəm. Biz çox əziyyət çəkdik. Klip çəkilişinə səhər 4-də başlayıb, axşam 10-da bitirdik. Fikir bildirəndə nəzərə alın ki, bizim də əziyyətimiz var. Hər dediyin söz, geyindiyin paltar sənə yaraşır? Mənə qaldı ağlın? Ağlınızı öz həyatınızda istifadə edin. Mən yetəri qədər öz ağlımı istifadə etmişəm. Doğru sevmişəm, seçim etmişəm, hər zaman ürəyinizi oxumuşam. Hər kəsi olduğu kimi qəbul edib, işinə hörmətlə yanaşaq”.
Qeyd edək ki, Röya bu gün “Yuxu dərmanımdır” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.