WOW
WOW

Zərif stili hər qadına ilham verir...

Zərif stili hər qadına ilham verir...

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

OLAY yazır ki, şəxsiyyəti, duruşu və təvazökarlığı ilə könüllərə taxt quran “first lady” 58 yaşına qədəm qoyur.

Hazırda təşkil etdiyi tədbirlər, dünyada və ölkəmizdə gördüyü vətənə yararlı işlərlə yanaşı, dəb ikonası ən çox müzakirə edilən şəxsdir.

Birinci xanım açılışlar, regionlarımıza səfərlər zamanı geyindiyi libaslar, kombinasiyalar ilə heyranedici görünüş yaradır.

Xanım Əliyeva həm idman, həm də klassik tərzi mahir şəkildə daşıya bilir. Onun saç düzümləri və zinət əşyaları “look”unu düzgün şəkildə tamamlayır.

Mehriban xanım çox vaxt libaslarında milli naxışlara da üstünlük verir. Azərbaycanlı modelyerlər tərəfindən hazırlanan geyimlər əsasən qədimi naxışlarla, yaxud da Xarıbülbül detalları ilə bəzədilir.

Klassik stilində ağ, bej və qara rənglər Birinci vitse-prezidentin seçimi olur. Bəzən isə biz onu açıq, buz mavisi tonlarında libaslarda görürük.

Əslində, onun tərzini bir sözlə yazsaq, belə ifadə edə bilərik ki, Mehriban xanım Azərbaycan qadınının zərif, bir o qədər də güclü simasını özündə birləşdirir. Onun illərdir yaratdığı bu zərif stil demək olar hər qadına ilham verir.

Biz Birinci xanımın tərzindən çox yaza, çox misal gətirə bilərik.

Gəlin, indi yadda qalan bir neçə “look”unu xatırlayaq. Məsələn, Şuşada Vaqif Poeziya Günlərində geyindiyi, ağ, xarıbülbül detallı libas. Mehriban xanım Şuşanın ab-havasına, zərifliyinə uyğun geyimi ilə hər kəsi heyran qoymuşdu. Onun bej rəng ayaqqabısı və geyiminə uyğun çantası isə bir sözlə möhtəşəm idi.

Onu da qeyd edək ki, Əliyevanın stilində paltolar və trençkotlar xüsusi yer tutur. Birinci xanım şux duruşu ilə ağ, qara, bej tonlarındakı müxtəlif brendlərə məxsus paltoları mükəmməl şəkildə daşıyır. Onun ötən il Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında geyindiyi bej rəng, ətək hissəsi saçaqlı palto hər kəsi valeh etmişdi. Xülasə, qara çəkmə və əlcəkləri, “look”unu daha da qüsursuzlaşdıran eynəyi ilə dəb dərs keçmişdi.

Bir də Mehriban xanımın zərif, incə stili ilə yanaşı işğaldan azad edilmiş torpaqlara səfəri zamanı geyindiyi hərbi formalar və bu tərzdəki paltarlar var. Sanki Birinci xanım bununla Azərbaycan qadının zərif olduğu qədər, güclü olmasını, istənilən vaxt bəylərin yanında dimdik duracağını, lazım gəlsə, qəhrəmancasına savaşa biləcəyini göstərir.

Ümumilikdə “first lady”nin tərzinə nəzər yetirsək, daha çox düz libasları seçdiyini görə bilərik. M.Əliyevanın qarderobundan diqqət çəkən libasları və “look”ları təqdim edirik: