İstər həmin gün yaxşı görünməyən saçlarınızı gizlətmək, istərsə də gündəlik “look”unuzu tamamlamaq üçün istifadə edirsiniz... Nə olursa, olsun şapkalar qarderobumuzun bir nömrəli aksessuarıdır.
Papaqlardan gündəlik tərzinizdə istifadə etmək asan görünsə də, əslində, belə deyil. Çünki bu aksesuarı düzgün geyim və ayaqqabı, saç düzümü, makiyaj ilə kombinasiya etmək çətindir.
Lakin bu missiyanı məharətlə tamamlayan xanımlar var. Onlar şapkalardan dəbə uyğun, özlərinə yaraşan şəkildə istifadə edirlər. Və daxil olduqları hər məkanın ulduzuna çevirilirlər.
İş xanımı Ruhi Əliyeva da öz tərzində zaman-zaman bu aksesuara yer verir. O, yalnız bir tərzdə yox, müxtəlif növ papaqlarla dəbə uyğun “look”lar yaradır.
OLAY sizə iş xanımının beş şapka kombinasiyasını təqdim edir.
R. Əliyevanın “Gucci” markalı baketi ilə uyğunlaşdırdığı geyim tərzi bir çox xanıma ilham verə bilər. Tək rəngdən istifadə son zamanların ən populyar tərzləri arasındadır. Tez-tez qarşımıza çıxan bu stil düzgün uyğunlaşdıranı ikonaya da çevirə bilər. Monoxrom tərzi öz stilinə adaptasiya edən iş xanımı qışın trend rənglərindən olan beji seçib. Onun eyni brenddən olan ayaqqabısı, uzun trençkotu, bütün illərin dəbi olan iri çantası monoxrom stilin haqqını verir.
Əliyevanın ikinci kombinasiyası sözün əsl mənasında ürəyinizi açacaq.
Xüsusilə də, yazı qarşıladığımız bu vaxtlarda rənglərin bir-biri ilə uyğunluğu, xoş görünüşü müsbət əhval-ruhiyyə bəxş edəcək. R. Əliyeva böyük bənövşəyi panaması, eyni rəngdə olan paltosu, yaşıl ayaqqabı və şalvarı, çantası, bənzər çalarlardan olan yaylığı ilə fransız xanımlarını xatırladır. Onun geyimi ilə kombinə etdiyi zinət əşyaları isə bu “look”u daha da gözəlləşdirib. İki rəngin uyğunluğu və detalların zərifliyi göz oxşayır...
Üçüncü kombinasiya da ürəyinizcə olacaq.
Bu dəfə bej və ağ rənginin birliyini görəcəksiniz. R. Əliyevanın “Loro Piana” markalı fötr modeli şapkası bir zamanlar kral ailəsinin favoriti idi. Onlar günəş papaqlarına nisbətən daha rəsmi görünür. Geniş xəndək bölümü, çuxurlu baş qismi və lent detalı ilə önə çıxır.
Bir az da heç vaxt dəbdən düşməyən, hər zaman hər qadına xüsusi ab-hava bəxş edən qara rəngə keçək...
R.Əliyeva bu rəngdən də maraqlı kombinə yaradıb. O bu dəfə “Dior” markalı şapkasını qara dəri şalvar və pencəklə uyğunlaşdırıb. Çanta və ayaqqabısının ahəngi, boyunbağı, həmçinin digər aksessuarlar da xüsusi diqqət çəkir. Bir neçə il öncə alıb istifadə etməyə başladığı ayaqşəkilli ayaqqabı isə bu ilin trendləri sırasındadır.
İş xanımının bu tərzi isə əsl klassika sevən qadınlar üçündür. Onun xüsusi kəsim pencəyi, stilettoları ilə uyğunlaşan şalvarı və qara rəngli, lent detallı papağı bir çox xanımın favoritidir. R. Əliyevanın bu qara və şıq kombinasiyada istifadə etdiyi mirvari boyunbağısı, eynəyi və sırğaları da gözdən yayınmır.