Fransa prezidenti Emmanuel Makron avqustun 24-də Parisdə saxlanılan Teleqram-ın qurucusu Pavel Durovun həbsinə ilk dəfə münasibət bildirib.
OLAY yazır ki, bununla bağlı o, X-də paylaşım edib.
“Bu heç bir şəkildə siyasi qərar deyil” o, X-də Durovun həbsi ilə bağlı çoxlu “yalan məlumatların” olduğunu bildirib.
Makron 2021-ci ildən Fransa vətəndaşı olan Durovun həbsinin davam edən məhkəmə istintaqı çərçivəsində baş verdiyini bildirib və əlavə edib ki, “hüququn aliliyi çərçivəsində, real həyatda olduğu kimi sosial şəbəkələrdə də azadlıqlar qanun çərçivəsində həyata keçirilir, vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi qanunla müəyyən edilir”.
Bu gün məlum olub ki, Pavel Durovun həbsi daha 48 saat uzadılıb, ona hələ heç bir rəsmi bildiriş təqdim edilməyib - ən azı bu barədə ictimaiyyətə məlumat verilməyib. Durov Teleqram-ın kiber və maliyyə cinayətləri ilə bağlı əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Əvvəllər Durovun həbsi ilə bağlı məlum olanda bildirilirdi ki, o, terrorizm, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və uşaq pornoqrafiyası ilə bağlı cinayətlərdə şübhəli bilinir. Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs cəzası gözləyə bilər. Teleqram rəsmi açıqlamasında sözügedən platformanın heyəti bu ittihamları absurd adlandırıb.