“Playboy” jurnalının yaradıcısı Hyu Hefnerin keçmiş həyat yoldaşı Kristal Hefner məşhur malikanənin qonaqları barədə danışıb.
OLAY yazır ki, o, ərinin əhatəsində olan bəzi tanınmış kişiləri dəhşətli insanlar adlandırıb.
Kristal Hefner müsahibəsində ABŞ-nin hazırkı prezidenti Donald Tramp, “Oskar” mükafatlı aktyor Cek Nikolson və aktyor Arnold Şvartseneggerin adlarını çəkib.
Onun sözlərinə görə, Hyu Hefner ətrafına öz düşüncələrini bölüşən insanları toplayırdı. Kristal bildirib ki, malikanənin qonaqları arasında komediyaçı Bill Kosbi və Donald Tramp da olub və bu vəziyyət onu çox kədərləndirib.
O, Cek Nikolsonun malikanəyə tez-tez gəldiyini də iddia edib. Kristalın sözlərinə görə, qadınlar arasında bu mülk zarafatla “Cek Nikolsonun avtomobil xidməti məntəqəsi” adlandırılırmış.
Model həmçinin 100 milyon dollar dəyərində olan malikanənin dəhlizlərindən birində Hefnerin heyran olduğu məşhurların fotolarından ibarət qalereyanın yerləşdiyini bildirib. Onların arasında Bill Kosbi və ehtimal ki, Arnold Şvartsenegger də olub. Kristalın sözlərinə görə, Şvartseneggerin fotolarında hər iki bisepsinin üzərində bir qadın əyləşmiş vəziyyətdə təsvir olunub.
Kristal Hefner “Playboy” jurnalının yaradıcısının malikanəsinə gələn bir çox qonağın seksist və qadınlara qarşı alçaldıcı davranışlarını brend ətrafında uzun illər hökm sürən ümumi mədəniyyətin bir hissəsi adlandırıb.
“Bu malikanəyə gələn və özlərini seksist, qadınlara qarşı alçaldıcı şəkildə aparan kişilərin hamısı problemin bir hissəsidir”, – deyə o bildirib.