Kanadalı müğənni Selin Dion yeni müsahibəsində səhnəyə qayıtmaqla bağlı fikirlərini bölüşüb.
OLAY yazır ki, ölümcül xəstəliklə mübarizə aparan sənətçi sənətçi bu barədə Fransanın “Vogue” jurnalının redaktorları ilə söhbət edib.
Sərt əzələ sindromundan əziyyət çəkən 56 yaşlı Dion etiraf edib ki, son dörd ildir ki, o, ifaçılığa qayıdıb-qayıtmayacağı sualına cavab verə bilmir.
“Hazırda ayağa qalxıb deyə bilmirəm: bəli, dörd aydan sonra oxuyacağam. Mən bilmirəm. Bədən mənə deyəcək. Ancaq digər tərəfdən, sadəcə gözləmək istəmirəm. Çətindir, çox çalışıram, amma sabah daha çətin olacaq. Amma bir şeyi məndən almaq olmaz, o da iradə, bu ehtiras, arzu, əzmdir”, - deyə, müğənni söyləyib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur. 2023-cü ilin dekabrında Selin Dionun bədəninə nəzarəti itirdiyinə dair məlumatlar yayılmışdı.