Koronavirus infeksiyasının dünyada hökm sürdüyü bir ili də geridə qoyduq. Ötən iki ildə pandemiya dövrü ilə əlaqədar daha çox evdə, məclislərdən uzaq bir həyat yaşadıq. Ona görə rahatlığa öyrəşib, gündəlik geyim tərzinə üstünlük verdik. Bəlkə də əksəriyyətin trendlərdən belə xəbəri olmadı. Çünki çoxuna lazım deyildi. Axı evdə trend nəyə gərək?
Beləliklə, 2021-ci lə vidalaşdıq. 2022-ci il üzümüzə “gülümsəməyə” başlayıb. Biz də ona tərəf ümidlə addımlayır, Yeni ilin daha rəngli və xoşbəxt gəlməsini diləyirik. Bəs bu il hansı rənglərin dəbdə olacağından xəbəriniz var?
Yoxdursa, məqaləni diqqətlə oxuyun.
OLAY 2022-ci ilin trendlərini təqdim edir.
Əvvəlcə tibbi maskalarının “qətl etdiyi” makiyajdan başlayaq. 2022-ci ildə bu maskalardan qurtulmaq ümidilə “make up”da hansı rənglərin trend olacağını öyrənək...
2021-ci ildə təbii makiyajlarla vidalaşmışdıq. Üzümüzə gələn ilin makiyajlarına baxanda özünüzü ötən əsrlərdə kimi hiss edə bilərsiniz. Çünki dönəm makiyajları sizi keçmişə aparacaq. 2020-21-ci ildə maska arxasında gizlətdiyimiz almacıq sümükləri və dodaqlar da azadlığını elan edir. Dərin kölgələr, mat, tünd rəngli dodaqlar bu ilin sevimlisi olmağa namizəddir.
Göz makiyajında isə dumanlı laynerlər önə çıxacaq. Kürən “ten”lər hər il olduğu kimi bu il də ulduzdur. Gözlərin içində gavalı rəngli, parıltılı göz qələmlərini də bu il tez-tez görəcəyik. Bir zamanlar dəbdə olan, lakin uzun müddətdir unudulan göz altındakı dumanlı makiyaj yenidən trend olacaq - özü də daha rəngli versiyaları ilə.
Bu il almacıqlar cəsur bir görüntü önə çıxacaq. Kəskin kölgələrlə üzə çıxan sümüklər maye ənliklərlə tamamlanacaq.
2022-ci ildə populyar olan qaş laminasiyası prosedurunun təsirindən dolayı qaşı sabitləyən alətlər makiyaj çantalarınızın əvəzedilməzi olacaq.
Bu il makiyajda parıltını mat rənglər əvəz edəcək. “Highlighter”in yerinə “primer”lər gəlir.
Qırmızı rəngi sevənlər, dodaq boyalarınızı hazırlayın. Çünki 2022-ci ildə görünməz çalarların əvəzinə, qırmızı trend olacaq.
Bəs geyimlər?!
Məşhur modelyer, “A Glamour” moda evinin rəhbəri Afaq İsmayılzadə OLAY-a bildirib ki, 2022-ci ildə çəhrayı, sarı və lila rəngləri çox aktual olacaq:
“Sarı, xaki və çəhrayı rənglər dəbdədir. Qara rəng sevənlərə pis xəbərim olacaq. Çünki tünd rənglər sırasında qara arxa sırada görünür. Hər zaman dəbdə olan rənglərdəndir, lakin bu il bir qədər açıq rənglərə önəm veriləcək. Mavi, lila koral və qırmızı oxra ilk sırlarda görünür. 2022-də də alma yaşılı, zeytun yağı, torpaq rəngi kimi tonlar da istifadə olunacaq. Aksesuarlar hər zaman olduğu kimi yenə dəbdədir. Məsələn, boğaz üçün aksesuarlar seçimlər sırasındadır. Tam trenddir demək olmaz. Lakin böyük daşlı aksessuarlar dəbdədir. Ayaqqabılara keçdikdə bir məqamı qeyd edim, Kobud ayaqqabılar yenə də öz aktuallığını saxlayıb. Lakin klassik stillettolar gecə geyimlərində istifadə ediləcək”.
Tanınmış saç ustası Fərid Bağırovun sözlərinə görə, növbəti il uzun saçların əvəzinə daha qısa modellər istifadə ediləcək:
"2022-ci ildə qısa, çiyindən olan saçlar daha çox dəbdə olacaq. Bununla yanaşı, ötən illərdə istifadə olunan ombre və balyaj arxa plana keçə bilər. Bunların əvəzinə saç modellərində tək rəngə üstünlük veriləcək".