“Inditex” imperiyasının qurucusu, “Zara”, “Pull&Bear” və “Oysho” kimi brendlərin sahibi Amancio Orteqa qlobal daşınmaz əmlak sektorunda yeni lider kimi önə çıxıb.
OLAY “Qafqazinfo”ya istinadən xəbər verir ki, son sənaye qiymətləndirmələrinə əsasən, ispan milyarder dünyanın ən böyük daşınmaz əmlak portfelinə sahib investor kimi qeyd olunur.
Məlumata görə, Orteqanın daşınmaz əmlak portfeli 200-dən çox aktivdən ibarətdir və ümumi dəyəri təxminən 25 milyard dollar (21,2 milyard avro) səviyyəsində qiymətləndirilir.
Onun sərvətinin əsas hissəsi “Inditex”dəki böyük payından əldə olunan dividendlərin böyük şəhərlərdə yerləşən premium ofis binaları, kommersiya obyektləri və strateji daşınmaz əmlaklara yönəldilməsi ilə formalaşıb.
Son illərdə 90 yaşlı iş adamı investisiya strategiyasını daha da genişləndirərək, beynəlxalq əhəmiyyətli aktivlərə üstünlük verib. Bu aktivlər arasında korporativ baş ofislər, kommersiya kompleksləri və böyük texnologiya şirkətləri ilə bağlı əmlaklar da yer alır.
Bildirilir ki, Orteqanın yanaşması onu daha çox sabit və uzunmüddətli gəlir gətirən “mühafizəkar investor” profili ilə xarakterizə edir.
Bununla yanaşı, onun investisiya şirkəti vasitəsilə enerji, telekommunikasiya və infrastruktur sahələrinə də yatırımlar etdiyi bildirilir.