“Ləyaqət ən yüksək dəyərdir. Biz milli ləyaqətimizi ən ağır şəraitdə belə itirmədik. 30 ildən çox amansız, qəddar düşmənə qarşı mübarizə apardıq. Amma bir erməni qadının, bir erməni uşağın burnu belə qanamadı...”
OLAY yazır ki, bu fikirləri Aprel şəhidi, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Fizzə Mirzəyeva bildirib.
O, Azərbaycan hərbçisinin – kişisinin qisasını mərdliklə döyüş meydanında aldığını deyib:
“Minlərlə şəhid ailəsi var Azərbaycanda. Nə oğullar qurban gedib... Amma o şəhid ailəsi üzvlərinin bircəciyinin dilindən oğlunu, ərini, atasını öldürən namərd erməni hərbiçinin qadınının, qızının ünvanına artıq-əskik heç nə deyilməyib. Bunu nəinki ləyaqətimizə sığışdırmamışıq, ağlımızın ucundan belə keçirməmişik… Tutduğu vəzifəsindən, hansı sosial zümrəni təmsil etməsindən və ictimai statusundan asılı olmayaraq, qadını hədəf alan kişi qorxaq, miskin və acizdir.
Əxlaqsız həyat tərzi ilə öyünənlər, qadın paltarında ölkədən qaçıb qadını təhqir edənlər hansı ləyaqətdən, mənlikdən danışa, məgər kiməsə irad tuta bilər ki?! Belələri azərbaycanlı ola bilməz, Azərbaycanı sevə bilməz. İkisi birə, biri heçə dəyməyən nakişilər kimə, hansı haqla mənəviyyat dərsi keçir? Azərbaycana barmaq silkələyənləri çox görmüşük, aqibətləri də məlum… Bu dəfə də fərqli bir şey olmayacaq. Geci-tezi var. Amma belələrinin simalarını gərək yaxşı yadda saxlayaq. Siyasi kölələr uzaqdan tanınmalıdır”.
Mənbə: Qafqazinfo