İtaliyanın Neapol şəhərində gündüz saatlarında baş verən silahlı soyğun zamanı bir qrup şəxs “Credit Agricole” bankını qarət edib.
OLAY yazır ki, onlar 25 nəfəri girov götürərək yeraltı tunellər vasitəsilə qaçıb.
Hadisə günorta saatlarında başlayıb, polis qısa müddətdə bankın binasını mühasirəyə alıb. Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar azad edilsə də, soyğunçular tapılmayıb.
Girovlar şok vəziyyətində xilas edilib. Görüntülərdə xilasedicilərin bankın şüşələrini sındıraraq insanları təxliyə etdiyi, bəzilərinin ağlayaraq yaxınlarına sarıldığı əks olunub. Altı nəfərə tibbi yardım göstərilib.
Şahidlərin sözlərinə görə, soyğunçular insanları otağa kilidləsə də, fiziki zorakılıq tətbiq etməyib. Rəsmi şəxslər bütün girovların ciddi xəsarət almadan xilas edildiyini bildirib.
Hadisəyə görə xüsusi təyinatlı qüvvələr cəlb olunsa da, banka daxil olduqda soyğunçuların artıq qaçdığı məlum olub. Onların əvvəlcədən hazırladıqları tunel vasitəsilə kanalizasiya sisteminə daxil olaraq izlərini itirdiyi ehtimal edilir.
Soyğunun məbləği hələ açıqlanmayıb. Bildirilir ki, hücum edənlər əsasən nağd puldan yox, şəxsi icarə seyflərindəki qiymətli əşyaları hədəf alıblar. Polis kanalizasiya xətləri boyunca genişmiqyaslı axtarış aparır.
Bu hadisə “La Casa de Papel” serialının ssenarisini xatırladıb.