Cəsarətli trendlər yenidən səhnədə
Qrafik göz makiyajından parıltılı dodaqlara, klassik qırmızı dodaq boyasının vurğulanmış göz makiyajı ilə vəhdətinə qədər podiumlar diqqətçəkən yeni görünüşlərlə dolub-daşdı. İndi isə növbə sizdədir – sevdiyiniz makiyaj trendini seçin!
Göz və ya dodaq makiyajında zərdən istifadə etməyi sevən “parti qızları” üçün yaxşı xəbərimiz var. Görünür, bu mövsüm də bol parıltılı makiyaj nümunələrini tez-tez görəcəyik. “Vivienne Westwood” podiumunda modellərin bəzilərinin göz makiyajında qaşlara qədər uzanan kölgələrdən, bəzilərinin isə yalnız dodaqlarında intensiv parıltıdan istifadə olunub.
“Chanel” podiumunda isə ənənəvi gözəllik anlayışını dəyişən bir görünüşlə qarşılaşdıq. Sıx şəkildə arxaya daranmış saçların üzərinə zər səpilibmiş təəssüratı yaradan xrom rəngli əlavələr olduqca fərqli görüntü ortaya qoydu. Bu parıltı yalnız saçlarda deyil, modellərin göz qapaqlarında da gözlənilməz effekt yaradıb. Bəs siz bu əyləncəli makiyaj trendini gecə görünüşünüzə əlavə etməyə hazırsınız?

Al-qırmızı dodaqlar
Makiyaj ustaları bu mövsüm ikonik qırmızı dodaq görünüşünü daha da diqqətçəkən səviyyəyə çatdırıblar. “Tom Ford” nümayişi üçün bu görünüşü yaradan vizajist Lüsi Brice modellərin üzündə hamarlaşdırıcı tonal kremi işıqlandırıcı ilə qarışdıraraq parlaq dəri görünüşü yaradıb. Dodaqlarda isə məxmər toxunuşlu, yumşaq mat effektli pomadaya üstünlük verilib. Nəticədə həm cəlbedici, həm də olduqca gözoxşayan, eyni zamanda sanki heç bir xüsusi səy göstərilməyibmiş kimi təbii görünən makiyaj alınıb.
Hər nə qədər makiyaj qaydalarının əsas prinsiplərindən biri həm gözlərin, həm də dodaqların eyni anda tünd rənglərlə vurğulanmamasıdırsa da, “Jean Paul Gaultier” nümayişində bu qayda cəsarətlə pozulub. Kəskin konturlara malik vinil effektli dodaqlar tünd, kölgəli göz makiyajı ilə birlikdə istifadə olunub. Bəs siz bu qədər cəsarətli görünüşə hazırsınız?

Rəngli xətlər
Vizajist Pat Makqrat bu mövsüm “Balenciaga” nümayişində tətbiq etdiyi makiyajla bizi 1980-ci illərə aparıb. Gözlərdə sərbəst şəkildə çəkilmiş tünd-mavi layner və vişnə tonlarındakı pomadalar olduqca iddialı görünürdü.
“Saint Laurent”ın 2026–2027-ci illər Payız/Qış kolleksiyasının gözəllik konsepsiyasında da 1980-ci illərin cəsarətli və dəbdəbəli estetikası öz əksini tapıb. Qaşların altına qədər uzanan boz-turkuaz tonlarında intensiv göz makiyajı bordo-qırmızı rəngli parlaq dodaqlarla tamamlanıb.
Dərinin təbii teksturasını ön plana çıxaran təravətli və təbii makiyajı tamamlayan rəngli xətlər isə “Acne Studios” nümayişində diqqətçəkən detala çevrilib.
Klassiklər
“Giorgio Armani Privé”nin 2026-cı il Payız/Qış nümayişində makiyaj görünüşündə parıltılı və aydın dəri zəngin, kölgəli göz makiyajı ilə bir araya gəlib. Bu makiyajda kəskin xətlərdən deyil, yumşaq şəkildə yayılan qat-qat kölgələrdən istifadə edilərək gözlərə dərinlik verilib. Bulanıq qəhvəyi tonlarda dodaq makiyajı isə görünüşü tamamlayıb. Nəticədə romantik, emosional və yüksək moda estetikasını əks etdirən görünüş ortaya çıxıb.
“Ralph Lauren” nümayişində modellərin saçlarını hazırlayan Quido Palau təbii teksturalı, yüngül hərəkətli və fenlə həddindən artıq formaya salınmamış saç modellərinə üstünlük verib.
“Max Mara”da isə ortadan ayrılmış hamar saçlar və kirpik diblərini vurğulayan olduqca incə layner vasitəsilə sadə və zərif görünüş yaradılıb.