Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb-red) Abbasova Fidan Loğman qızı ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. 

OLAY Qafqazinfo-ya istinadən yazır ki, F.Abbasova narkotik maddə istifadəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib. Bu fakt məhkəmə tərəfindən təsdiqlənib.

Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2026-cı il tarixli qərarına əsasən, Abbasova Fidan Loğman qızının əməli İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə hüquqi qiymətini alıb. İş materiallarında yazılıb ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş tibbi rəyə əsasən, 04 mart 2026-cı il tarixində ondan götürülmüş nümunədə narkotik maddə Marixuana - THC (+) aşkarlanıb.

Məhkəmə qərarı ilə Abbasova Fidan Loğman qızı təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bununla yanaşı, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması da müəyyən edilib.

Mövcud vəziyyətdən çıxmaq üçün Fidan Abbasovanın müdafiəçisi onu məsuliyyətdən yayındırmağa çalışıb. Belə ki, F.Abbasova məqsədli şəkildə özəl tibb müəssisəsində bir neçə dəfə yoxlamadan keçib, nəticələr mənfi çıxdığı-narkotik vasitənin bədənindən təmizləndiyindən əmin olduqdan sonra dərhal Narkoloji Dispanserə təkrar müraciət etməklə guya ilkin tibbi rəyə zidd sənəd əldə edib.

Qərardan narazı qalan Abbasova Fidan Loğman qızı apellyasiya şikayəti ilə çıxış edərək həm narkoloji mərkəzin, həm də hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinə dair müxtəlif əsassız iddialar səsləndirib. O, təqdim etdiyi şikayətdə analiz nəticələrinin düzgün olmadığını, guya korrupsiya hallarının mövcud olduğunu iddia edib. Lakin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən təqdim olunan bu iddialar obyektiv araşdırma predmetinə çevrilib və onların hər biri ayrıca qiymətləndirilib.

Məhkəmə iclasında dinlənilən mütəxəssis rəyləri və ekspertiza nəticələri göstərib ki, irəli sürülən arqumentlərin elmi və hüquqi əsası yoxdur. Məhkəmə baxışı zamanı əlavə olaraq dəvət edilərək dindirilən mütəxəssis rəyinə əsasən, bir daha təsdiqlənib ki, THC (+) nümunəsinin insan orqanizmindən hətta 2-4 gün ərzində təmizlənməsi tibbi elmində təsdiqlənmiş faktdır.

Narkotik vasitənin aşkar edildiyi 24 fevral tarixindən 10 mart tarixinədək tam 14 gün keçdikdən sonra bədəndən silinməyinin tibbə uyğun olduğu təsdiqlənib. Bununla da məhkəməni həqiqətdən yayındırmaq cəhdi uğursuzluğa düçar olub.

Araşdırma zamanı xüsusilə aşağıdakı məqamlar müəyyən edilib:

- Respublika Narkoloji Mərkəzinin verdiyi ilkin tibbi rəyin etibarlılığı təsdiqlənib;

- Sidik nümunəsində aşkarlanan THC (+) nəticəsinin düzgünlüyü şübhə altına alınacaq hər hansı mötəbər sübut olmadığı müəyyən edilib;

- Apellyasiya şikayətində qeyd olunan tsiklin 3-cü günü ilə analiz nəticələri arasında hər hansı elmi əsaslandırılmış əlaqənin olmadığı müəyyən olunub;

- Şəxsin ilkin yoxlamadan günlər keçdikdən (müvafiq maddə qanından sorulduqdan) sonra öz təşəbbüsü ilə verdiyi təkrar analiz nəticələri ilkin tibbi rəyi təkzib edən sübut kimi qəbul edilməyib.

Bundan əlavə, məhkəmə tərəfindən narkotik maddələrin insan orqanizmindən çıxma müddəti ilə bağlı səsləndirilən iddialara da hüquqi və tibbi qiymət verilib. Belə ki, məhkəmə mütəxəssis rəylərinin təhlili nəticəsində qənaətə gəlib ki, Fidan Abbasovanın “taktika” ilə bədənindən təmizləndikdən sonra əldə etdiyi ikinci rəy narkotik istifadəçisini təmizə çıxarmaq üçün qurulmuş müdafiənin hissəsi idi.

Nəticədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş qərarla apellyasiya şikayəti əsassız hesab olunub. Birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, məhkəmələr tərəfindən toplanmış sübutlar və ekspertiza rəyləri əsasında Abbasova Fidan Loğman qızının inzibati xəta törətməsi faktiki-narkotik istifadə etməsi tam sübuta yetirilmiş hesab edilib.