4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə geniş konsert proqramı təqdim olunub.
OLAY yazır ki, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin akt zalında təşkil olunan konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri çıxış ediblər.
Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Ramiz Mirişli, Elza İbrahimova, Adil Bəbirov, Polad Bülbüloğlu, Telman Hacıyev, Tahir Əkbər, Bəhram Nəsibov, Cavanşir Quliyev, Oqtay Kazımi, Rauf Məmmədov və Rəşad Haşımovun əsərləri səsləndirilib.
Vətənsevərlik, birlik və qəhrəmanlığı tərənnüm edən nəğmələr əsasında hazırlanan proqramda Əməkdar artistlər Çinarə Heydərova (qanun) və Xəyyam Məmmədov (kamança), o cümlədən Vəfa Vəzirova, Taleh Yahyayev, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli və Mehin Hümbətova çıxış ediblər. Mahnı və Rəqs Ansamblı üzvlərinin çıxışları da konsertə rəng qatıb. Bayram konserti Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi ilə başa çatıb.
Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin şagirdlərdən ibarət xoru da bayram şöləninə öz töhfəsini verib. Xorun ifasında şanlı ordumuzun qəhrəmanlığını vəsf edən mahnı alqışlarla qarşılanıb.
Konserti doğma yurda qayıtmış Cəbrayıl sakinləri ilə yanaşı, Mədəniyyət Nazirliyi və
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşları izləyiblər.