Azərbaycanın son dörd ildə Avroviziyada göstərdiyi nəticə ilə bağlı petisiya başlasılıb.

OLAY yazır ki, bu barədə “12 Xal” məlumat yayıb. Məlumatda bildirilib:

“Azərbaycanın Avroviziya tarixində əzəmətli uğurları olsa da, son illərdə nəticələr kədərlidir. Son 4 il ərzində finala çıxa bilməməyimiz və son 2 ildə ardıcıl olaraq sonuncu yerdə qərarlaşmağımız həm, azarkeşləri ruhdan salır, həm də ölkəmizin Avropadakı musiqi nüfuzuna zərər verir.

Biz inanırıq ki, əsas problemlər Avroviziya təmsilçimizin seçilmə prosesindəki şəffaflıq və ictimai iştirakın olmamasıdır. İctimai TV və Azərbaycan nümayəndə heyətinin hazırkı fəaliyyəti fan icmaları, media və müstəqil Avroviziya platformaları ilə əlaqədə çatışmazlıqlara səbəb olur, konstruktiv tənqidə mənfi reaksiyalar yaranır, kommunikasiya zəifdir və seçilən iştirakçılar potensialını tam göstərə bilmir.

Bu gündən etibarən başlatdığımız petisiyanın məqsədi də bu kimi məqamlara etirazımızı bildirməkdir. Siz də bizimlə həmfikirsinizsə, onda saytımıza keçid edərək son paylaşımdaki petisiya linkinə yönləndirilə bilərsiniz.

Qeyd edək ki, imzalarınızın hesablanması üçün, mütləq şəkildə formda qeyd etdiyiniz elektron poçt adresinə gələn təsdiqləmə linkinə keçid edin. Əks halda vermiş olduğunuz səslər etibarsız hesab ediləcək”.