6 il fasilədən sonra ABŞ-dan qayıdan və səhnəyə çıxmağa hazırlaşan reper Orxan Zeynallının konsert biletləri 20 saat ərzində satılaraq Azərbaycan tarixində rekord qırıb.
OLAY yazır ki, “Biletləri ən sürətli satılan konsert” ünvanını alan “40-cı paralel”in ikinci günü də əlavə olunub.
20 noyabrın səhəri günü – yəni, 21 noyabrda da Orxan eyni konsert proqramı ilə “Elektra Events Hall”da səhnəyə çıxacaq.
İlk günə satılan 3100 biletdən sonra, 21 üçün satılan biletlər bu gün 19:00-da “İticket” platformasında aktiv olacaq.
Qeyd edək ki, keçmiş HOST qrupunun AİD ləqəbli Orxan Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu “Biz İnsan Deyilik” adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
O, “Hekayəm”, “40-cı paralel”, “Mavi qızılgüllər”, “Karusel”, “Yadımda deyilsən”, “Bəlkə də nə vaxtsa” kimi hitlərin müəllifidir.