“Bir insan pis əmələ əl atanda ona ya Allah xofu maneə olar, ya öz “Allahı”, olan vicdanı. Bu bir il ərzində nə yalanlar eşitmişəm, nə şərlər görmüşəm”.
OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında Xalq artisti Flora Kərimova qeyd edib. O, bir açıqlamasının təhrif edildiyini söyləyərək bunları yazıb:
“81 yaşımda məni insanlıq təəccübləndirə bilməz, deyirdim. Amma hər gün eşitdiyin xəbərlər yanıldığımın təsdiqidir! Özünü qazi adlandıran, qazi medalını oğurlayıb satan, qazi haqqına girən görmüşdük, amma şəhid anasına şəhid oğlun sağdır, əsirlikdədir deyib pula ala bilmək xüsusi alçaqlıq tələb edən bir mənlikdir. 80 yaşımda aldığım ilk təqaüdü qazilərə bağışladım. Yazdılar ki, “yalandır”, “özün göstərir”, “bu da artistlik edir” və s. Sonra Kamil Zeynallının, Elçin Ləmbəranskinin elədiklərinin qarşılığında onlara deyilənləri gördüm, dedim mən şükürlüyəm! 7 gün öncə elə bu platformadan 11 yaşlı qızın taleyinə biganə qala bilmədim, ürək sözlərimi yazdım. Bir çox səhifələr də olduğu kimi paylaşdı! Buna görə hər birinə çox sağ ol deyirəm. Bəs bu nə paylaşımdır, axı?! Məni Allahsız etdiniz, ateist etdiniz, kafir etdiniz bəs deyilmi? Bəs sizin Allahınız var? Bəs siz Allahınıza nə cavab verecəksiz?! Kimisə söydürmək, alçatmaq sizə zövq verir? Kiminsə həyatını sındırmaq bu qədər asandır? Tutaq ki, bundan 10 manat qazandınız, ya da bunu kiminsə sifarişilə yazdız. Vicdanınız sizlamır? Haramı necə yeyirsiniz. Bu, son olsun! Bu gündən belə xəbər saytları məni heç bir mövzuya görə narahat eləməsin! Yazdıqlarımı öz başlarına görə başlıq qoyaraq dəyişdirənlərlə məhkəmədə görüşəcəyik”.