Olay
Olay

Zeynal dələduzluqda ittiham edilir: “Toyda dedi ki, 5000 verməlisiz”

Zeynal dələduzluqda ittiham edilir: “Toyda dedi ki, 5000 verməlisiz”

Tanınmış fotoqraf Zeynal Məmmədli dələduzluqda ittiham olunur

OLAY-a müraciət edən şikayətçi Ülkər Ağayeva bildirib ki, əvvəlcə fotoqraf və komandasından razı qalsa da, sonrada aralarında problem yaranıb:

“2019-cu ildə nişan mərasimini çəkmişdilər, çox razı qalmışdım. Sonra nikahımda da onları çağırdım, yenə razı qaldım. Hətta endirim də etmişdilər, qiymət münasib idi. Zeynal komandadakı qardaşı İntiqamı göndərmişdi. Pandemiya bitdi, toyum olmalı idi. Yenə onlarla danışdım. İyulun 25-i danışdıq, getdim beh verməyə. Söylədim ki, Zeynal olmasa da olar, İntiqam olsun. Xına mərasiminə 1100 AZN, toya ümumi çəkiliş komandası üçün 4100 AZN istədilər. Mən bir az təəccübləndim. Çünki illərdir işləyirdik, ona xeyli müştəri vermişəm, buna görə ucuz olacağını düşünürdüm. Söylədim ki, xınanın behini verirəm, amma  toyu danışarıq. Sonra yoldaşımla məsləhətləşdik, dedim ki, həyatda bir dəfə olan şeydir, razılaşdıq.

Xınadan bir-iki gün əvvəl Zeynal həyat yoldaşıma zəng edib ki, görüşək. Deyib, xına və toyla bağlı danışaq. Sən demə, İntiqamı deyil, başqa qeyri-peşəkar fotoqraf göndərəcəyini deyəcəkmiş, şəkilləri Zeynal redaktə edəcəkmiş. Bunlar gəldi, xına mərasimində soruşdum ki, İntiqam haradadır? Dedilər ki, onu boş ver. Sonra fikirləşdim ki, eybi yox xınadır. Amma toyda mütləq İntiqam olsun.

Zeynal dedi ki, toy günü mən yalnız hotelə gələcəm, sonra başqa fotoqraf çağıracam. O fotoqraf gəlib çəkilişi etdi. Zeynaldan soruşduq ki, kameraman çağırmısan evə gəlib çəksin? Sən demə, yadından çıxıbmış. Tez-bazar kim hansı saatda boşdursa, düzdü, qoşdu. Zəng etdi bir kameraman gəldi, hətta oğlan evində fotoqraf yox idi. Qız evində isə bir videoqraf var idi. Toyun sonunda Zeynal pul götürməyə gəldi, dedi ki, 5000 manat ödəməlisiniz. Dedim, axı İntiqamla 4100 manata danışmışdıq. Dedim, səndən 400 manat kəsəcəm. Təsəvvür edin, dronla toyu çəkən deyirdi ki, tez olun, mən başqa toya getməliyəm.

Toyumdam bir neçə ay keçsə də, şəkilləri, toy diskini göndərmədi. Xınadan da bir-iki foto göndərmişdi. Sonra danışdıq, dedim, bu qədər vaxt keçib niyə göndərilmir? Fotoları göndərəndə, dedim, bu nə şəkillərdir? Zəng edirəm, deyir, Türkiyəyə gedirəm, noyabrın 3-nə kimi atacam, göndərmədi. Ona xəbərdarlıq etmişdim. Mənə yazıb ki, sənə fotolar göndərilib, özün bəyənməmisən, bu da mənim problemim deyil”.

Daha sonra Nagehan Abdullayeva da fotoqrafdan şikayətçi olub. O, şəxsi hesabında Zeynal Məmmədlinin ona və bloger Elmira Namazovanın anasına ümumilikdə 3000 min dollar pul “atdığını” yazıb:

“Lotoreya nədir bilməzdim, bura gələndə öyrəndim və dedim ki, məntiqli bir şeydir. Hamı kimi 8 ay əziyyətlə ödədim, axırda mən götürməli idim, amma təəssüf ki, Zeynal Məmmədli öz pulunu götürəndən sonra nə mənim pulumu, nə də Elmiranın anasının pulunu vermədi. Dəfələrlə yığdıq, yazdıq, gördüyü halda cavab vermədi. Yaxınlarına deyib ki, ondan pul almamışam ki, verim. Şokda idim. O qədər ağladım ki... Ancaq hörnət etdiyim Tural mənə paylaşma dedi. Susdum, lakin bu gün görürəm ki, bu adam hamıya zərər verir. Ona görə heç kimə inanmayın. Mənə 1500 dollar, başqasına 5 min dollar... Hər şey edər! Məni hamilə vaxtı verdiyi əsəbi heç unutmayacağam. Hər yerdə də danışıram. O qədər ölkə gəzir, 5 min manata toy çəkir, pulu yoxdur?!”.

Bu paylaşımlardan sonra izləyicilər Z.Məmmədlinin sosial media hesabına hücum edib. Onlar fotoqrafı izləmədən çıxardıqlarını yazıblar.

Məsələ ilə bağlı Zeynal Məmmədovla əlaqə saxlamaq istəsək də, o zənglərimizə cavab verməyib. Qarşı tərəfin şərhini yayımlamağa hazırıq.