İncəsənət
İncəsənət

“Ona “canım Prezidentim” dedim, bu, yaltaqlıq deyil” – Afaq Bəşirqızı

“Ona “canım Prezidentim” dedim, bu, yaltaqlıq deyil” – Afaq Bəşirqızı

“Demokratiyanı sevmirəm. Demokratiyanın bu qədər hörmətsizliyini, bu qədər insanlar arasında pərdənin qaldırılması, böyük-kiçik, qadın-kişi fərqinin olmamasını sevmirəm. Mən bunu anarxiya sayıram”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Açıq söhbət” verilişində deyib.

O, şəhidlərin və qazilərin adlarının tez-tez yanlış insanlar tərəfindən istifadə edilməsinə qarşı olduğunu söyləyib:

“Valideynlərim dünyasını dəyişəndən sonra bayramları qeyd etmirdim. Övladlarım olandan sonra mənə yeni bir nəfəs gəldi. Başqa bir insan, başqa bir qadın oldum. Amma şablondan çox qorxuram, indi ağızlarına, dillərinə yaraşmayanlar “şəhid” adını çəkir. Onların ağızları mötəbərlik üçün çox çirkindir. Şəhidlərin, qazilərin adını çəkməməlidirlər. Özümü bağışlaya bilmirəm. Sevinirəm. Alnım açıldı, artıq şax yeriyirəm. Mən biqeyrət deyildim, lakin onlar mənim qeyrətimi nümayiş etdirdi. Torpaqda yatan əziz balalarımın fədakarlığını necə qaytaracam? Heç cür mümkün deyil. Qeyri-adi gücə malik olsaydım, onları diriltsəydim də, yenə fədakarlıqlarına cavab verə bilməzdim. O qədər “onların ruhu qarşısında baş əyirəm” deyiblər ki, mən bu şablonu deyə bilmirəm. Borclu olmaq nə pis şey imiş...”.

A.Bəşirqızı sosial şəbəkədə tənqid yazanlardan da bəhs edib:

“Onlara fikir vermək lazım deyil. Onlar bilirsiz kimlərdir? “Acam” deyib, 50 qəpik əvəzinə sosial şəbəkəyə, internetə pul tapıb oturan, öz tərbiyəsizliklərini, öz əkib-doğanlarının hansı bir təbəqəyə, mənsubiyyətsizliyə düçar olduqlarını və onların törəmələri olduqlarını sübut edən insanlar. Mən çoxluqlara fikir vermirəm. O qədər acizdirlər ki...”.

Xalq artisti 2019-cu ilin martında incəsənət xadimlərinin Prezidentlə görüşündəki çıxışından da söz açıb:

“Tamaşalarıma mötəbər insanlar gəlib, qaçıb gizlənmişəm. İstəməmişəm qarşısına çıxım, o, mənə xoş söz desin, mən də istifadə edib ona nəsə deyim. Hər iki gündən bir verilişlərdə təriflənən, yuxarı təbəqələrdə adı çəkilən, 100 minlik maşınlardan düşən insan deyiləm. Həmişə öz yerimi bilmişəm. Mötəbər insanlarla şəkil çəkdirmək üçün özümdən kiçikləri, böyükləri ayaqlamamışam. Məni harasa dəvət ediblər, soxulmamışam. O görüşdə mənə söz verilməmişdi. Ümumiyyətlə, biz ora dəvət olunmağımızı bir cümlə ilə bilirdik: “İncəsənət xadimlərinin cənab Prezidentlə görüşü”.

Protokolda yox idim, danışmaq üçün söz verdilər. Dedim ki, artist “jiquli”sində uşaqlarını dolandırır. Prezident bunların hamısına qulaq asırdı, mən onları duman görürdüm. Ona “canım Prezidentim” dedim, bu, yaltaqlıq deyil. Həmin nitqimdən sonra nə medal almışam, nə vəzifə. Heç vaxt da vəzifə istəməmişəm.

Çox həyəcan keçirdim. Dedilər, ay Afaq, o qədər bu haqda danışanlar olub ki... Dik yeriyirdim, amma içim-içimi yeyirdi. Martın 1-i görüş olmuşdu, martın 11-i atamın (red.- Bəşir Səfəroğlu) məzarı üstündə idim, sürücü gəldi, dedi ki, aktyorların maaşı 50% artdı, Musiqili Teatr “Akademik” oldu. Elə oradaca huşumu itirdim. Həyəcandan çökdüm. Bilmədim sevinc idi, bilmədim 10 gündə keçirdiyim hisslər idi. Bilmədim heç vaxt məğlubiyyəti sevməyən Afaqın özünün özünə təzyiqi idimi? Dedim, halal olsun, mən sənə “Canım Prezidentim” dedim”.

Sənətçi incəsənətin hazırkı vəziyyəti barədə də danışıb:

“Gənc aktyorlardan hamısını bəyənirəm. İlkin Həsəni, Nicat Rəhimov. Hazırda incəsənətə qurbanlar xidmət edir, hegomonlar isə istifadə edir. Həmin o fədailərin haqqını yeyirlər. Hamı bilir ki, o insanlar kimdir. Onlar incənəsətin, mədəniyyətin qənimləridir.

İndi kütlə ayağa qalxıb, mədəniyyəti tənqid edir ki, inkişaf edin. Həddindən ziyadə istedadlı uşaqlar var, onlara şərait yaratmaq lazımdır. Nikolayı taxtda, Şah Abbası qundaqda görənlər hələ də bu sənətdən əl çəkmir. Gənclər işləməlidir, özünü göstərməlidir. Qoy bir dəfə zəif əsər hazırlasınlar, ikinci dəfə hazırlamağına imkan verməlisən. Bu, yetişməlidir də, yaradıcılıq birdən-birə olmur. Adam var ki, qeyri-adi istedada malikdir, onda ilk dəfədən alınır, adam da var ki, hər şey yavaş-yavaş alınır.

Yerimiz səhv düşəndə indiki vəziyyət alınır. Bizdə bir aktrisa işləyirdi. Mən qonşu otaqda geyinirdim, təsadüfən eşitdim deyir ki, dünən gedirdim, gördüm çox adam dayanıb. Getdim dayandım, başladım donuz kimi xoruldamağa, mənə baxıb yaman güldülər. Elə bil başıma qaynar su tökdülər. Dedim, bu qadın nə danışır? Necə yəni? Səhnədəki səhnədə qalmalıdır, evdəki də evdə...”.