Əməkdar artist Maestro Ceyhun (Ceyhun İsmayılov) Kanadaya səfər etməyə hazırlaşır.
Bu barədə skripka ifaçısı OLAY-a açıqlamasında bildirib.
Ceyhunun Kanadaya üz tutması isə dekabrda Toronto şəhərində verəcəyi konsertlə əlaqəlidir. İfaçı digər ölkələrdə musiqimizə tələbatın çox olmasından söz açıb:
“Bu Kanadaya ilk səfərim deyil. Konsertlərlə bağlı dünyanın bir çox ölkələrində oluruq. Aprel-iyun aylarında da Kanada, Amerika turuna çıxmışdım. Bu konsertlərin hər birini azərbaycanlı tələbələr, iş adamları, xarici reklam şirkəti dostlarımız təşkil edir. Həmin konsertlərə dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar gəlir. Onlar əsl sənəti - bizim musiqiləri çox sevirlər. Xaricdə yaşayan azərbaycan əsilli musiqiçilər var ki, onlarla birlikdə də səhnə alırıq”.
Maestro açıqlamasında xarici ölkələrdə tez-tez çıxışlar etsə də, Azərbaycandan başqa ölkədə yaşamaq barədə düşünmədiyini də vurğulayıb:
“Mənim xaricdə yaşamaq üçün çox şansım olub, indi də var. Ancaq mən ölkəmdən kənarda yaşaya bilmərəm. Gedib layihələrimi həyata keçirib, qayıdıram. Azərbaycan mədəniyyətimizi dünyaya yayırıq. 2023-2024-cü illərdə Avstraliya və Yeni Zelandiyada da konsertlər olacaq, inşallah”.