Əməkdar artist Rəfael İskəndərov şəhid olan dostu ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, görüntülərini yeni açdığı sosial media hesabında izləyiciləri ilə bölüşüb
“Bu gün 27 Sentyabr anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim Şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə, R.İskəndərov yazıb.
Qeyd edək ki, Müşviq Abbasov və 2 oğlu könüllü olaraq Vətən müharibəsində döyüşə başlayıblar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak edib. Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına Şəhid olub. Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ağdamın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.