“Bu nə faciədir millət yaşayır?! Millətimin faciəsidir Axı, nə qədər qadın bıçaqlanacaq, nə qədər uşaq zorlanacaq?! Savadsız, valideyn tərbiyəsi görməyən, adını “kişi” qoyub insanlığı belə olmayan biqeyrət kütləni kim maarifləndirəcək?”
OLAY yazır ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib. O, sosial şəbəkə hesabında İmişlidə 11 yaşlı uşağın atalığı tərəfindən cinsi zorakılığa məruz qalmasından və uşaq dünyaya gətirməsindən yazıb:
“İldən-ilə xərçəng xəstəliyi kimi yayılır. Biri səkkiz aylıq hamilə qadınını uşağını yatızdırdığı yerdə bıçaqlayır. Buna insan demək olar? Buna vətəndaş demək olar? Bunun kimilərini iki ömürlük həbsə məhkum etmək azdır! Cəsədi bu torpağa haramdır! İndi də bu körpə... Ay binamus, bəs olmadımı ki, evində bir kəbinli qadının, digəri isə dini kəbinli arvadın. Nə qədər azğınlaşıb, harınlamısan ki, uşağa tamah salırsan?! Bədbəxt, sənin görəcəyin günlər hələ qabaqdadır! Millətim millət olmaz bu binamusluğu sənə keçsə! Sənin müdafiəni vicdanı olan vəkil götürməz! Uşaq ömürlük mənəvi və fiziki şikəstdir! Hələ ki fərqində deyil, hələ anlamır nə baş verdiyini.
Bəs ana?! Sən nə vaxtsa ana olmusan. Sən qız anası olmusan! İllərlə bu adı daşımaq üçün göz yaşı tökənlər var! Sən bilmədin qızın necə hamilə oldu?! Bilmədin qadın kimi ümumən hamiləlik necə olur?! Söz tapmıram! Bu, faciənin görünən tərəfidir! Görünməyən tərəfi odur ki nakişinin ailəsi, kəbinli arvadı ərinə haqq verir! Demək ki, başıqapazlı yaşamaq təbiətləridir. Rayonda, adam arasına necə çıxacaqsan? Sənin xidmət etdiyin “mənsəb” din deyil, əskiklikdir! Ümumiyyətlə, uşağa tamah salan rəzil ərini evinə qaytarmaqdan ötrü -“evimi satıb ərimi xilas edəcəm!
Onsuzda hər şeyi pulla almaq olur” deyən “qadın-ana”nın yetişdirdiyi övlad nə olacaq?! Nə vətəndaş olacaq sənin südünü əmən?! Artıq sənə cəhənnəm olan bu dünyada axirətindəki cəhənnəmini qazanmısan! Bu hələ bizim bildiyimizdir! İctimailəşən faciələrdəndir. Nə qədər faciələr fitvalara qurban edilib, halalıdır deyib ört-basdır edilib. "Allah bağışlayandır" deyib bu zülmü bu zülmü, bu iztirabı yaşadanı, o qız övladı bağışlayacaqmı?”